Azərbaycan səfirliyində nikah mərasimi

Azərbaycan səfirliyində nikah mərasimi Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərə yaxındır.
Hər il onların sıralarına yeni gənclər əlavə olunur.
Bu kiçik Azərbaycan icması Macarıstanın müxtəlif guşələrinə yayılsa da, istər ölkəmizin milli bayramlarında, istərsə də həyatlarının əlamətdar günlərində bir yerdə olmağa çalışırlar. Azərbaycanın Budapeştdəki səfirliyi tələbələrlə işi daim diqqət mərkəzində saxlayır. Onların macar cəmiyyətinə adaptasiya olunmalarına, habelə öz aralarında daha sıx ünsiyyət qurmalarına, təhsillərini uğurla davam etdirmələrinə yardım göstərməyə çalışır.
Bu günlərdə Səfirlikdə iki tələbə gəncin təntənəli nikah mərasimi keçirilib. Gələcək birgə həyatlarının bünövrəsini Budapeştdə qoymağı qərara alan Budapeşt Biznes Universitetinin tələbələri Rüstəm Aslanlı və Xavər Ələkbərliyə Səfirliyin böyük zalında müxtəlif millətlərdən olan çoxsaylı tələbə dostlarının iştirakı ilə nikah şəhadətnaməsi təqdim edilib.
Ailə quran gənclərə nikah şəhadətnaməsini təqdim edən səfir Vilayət Quliyev səfirliyin kollektivi adından onlara səmimi təbrik sözlərini, səadət və xoşbəxtlik arzularını çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər