İyunun 2-də 37 670 şagird buraxılış imtahanı verəcək

İyunun 2-də 37 670 şagird buraxılış imtahanı verəcək Dövlət İmtahan Mərkəzi iyunun 2-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək.
Həmin gün ümumilikdə 37670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388, Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi‑müəllim, 265 buraxılışı təşkil edən əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.
Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 1-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

DİM-in Mətbuat Xidməti



Oxşar xəbərlər