Orqanizm üçün ən faydalı 20 ərzaq

Orqanizm üçün ən faydalı 20 ərzaq Sağlam rasion düzgün ərzaqlar üzərində qurulur. Bunlar orqanizmə fayda gətirir, orqanların və sistemin fəaliyyəti üçün zəruri olan maddələrlə təmin edir. Bədən bu maddələrdən zülal, mikroelementlər, vitaminlər, sellüloz alır və artıq kalori və ya xolesterin yükündən əziyyət çəkmir.
Tehsil-press.az alimlərin ən faydalı 20 ərzaqdan ibarət hazırladıqları siyahını “ura-povara.ru” saytına istinadla diqqətinizə çatdırır. Əgər siz özünüzü gümrah hiss etmək və yaxşı görünmək istəyirsinizsə, o zaman rasionunuzu bu ərzaqlardan təşkil edin.
1.Ağ ət
Ağ ət orqanların hüceyrələrinə və toxumalarına oksigeni çatdıran zülal və dəmir mənbəyidir. Bundan başqa, ağ ətin tərkibində heyvan yağı azdır və xolesterini yüksəltmir.
Bu, səhv fikirdir ki, lazımınca dəmiri ispanaq və ya yaşıl almadan almaq olar. Onların tərkibindəki dəmirin yalnız iki faizini orqanizm özünə çəkir. Toyuq filesində isə mənimsənilmə 60 faizə çatır.
2.Yağlı balıq
Orqanizm yağlı balıqdan yarıdoymamış yağ turşuları alır ki, bunlar da əvəzolunmazdır. Orqanizm bu turşuları sintezləşdirməyi bacarmır, lakin onlar baş-beyin, ürək və damarların düzgün fəaliyyəti üçün zəruridir. Bu maddələrin çatışmazlığı beyin toxumalarının qocalmasına, Altsheymer xəstəliyinin, revmatoidli artritin inkişafına şərait yaradır.
Yarıdoymamış yağ turşularının ən yaxşı mənbəyi şimal dənizlərinin balığıdır. Digər ərzaqlarda bu dəyərli maddəyə çox az miqdarda rast gəlinir.
3.Yulaf
Faydalı dənli bitki sellülozla zəngindir. O, bağırsağı təmizləyir, qlükozanın həzm traktından sovrulma intensivliyini azaldır və xolesterinin səviyyəsini aşağı salır. Lakin bu xassəyə yalnız düzgün – minimal emal olunmuş, çox qaynadılması nəzərdə tutulan yulaf malikdir. Məsələn, 20-25 dəqiqəyə hazır olan “Herkules”.
4.Qırmızı və qara rəngli giləmeyvələr
Onların rəngi nə qədər dolğundursa, deməli meyvələrində antioksidantlar daha boldur. Bu maddələr orqanizmi qocalığın və bir neçə növ xərçəngin törədicisi olan sərbəst radikalların hərəkətindən müdafiə edir. Skandinaviya alimləri çiyələk, moruq, böyürtkən, qarağat, qaragilə və quşüzümünü daha çox yeməyi məsləhət görürlər.
5.Göyərti
Tərəvəz nə qədər yaşıldırsa, onun tərkibində fitonutriyentlər bir o qədər çoxdur. Bu, bioloji aktiv bitki kompleksləridir ki, orqanizmə cavanlaşma təsiri göstərir. İspanaq, kress-salat, romanonun da tərkibi sıfır səviyyəli kaloriyə malik sellüloz və mikroelementlərlə zəngindir.
6.Zeytun yağı
Rafinə olunmayan, birinci soyuq sıxılmadan sonra əldə olunan zeytun yağı ən dəyərli yağdır. Onun tərkibində damarları təmizləyən və xolesterinin miqdarını aşağı salan monodoymamış yağ turşuları var. Zeytun yağından müntəzəm istifadə hüceyrələri qocalmadan və xərçəngdən müdafiə edir, orqanizmdə iltihab reaksiyalarını azaldır.
7.Paxlalılar
Paxlalılar bitki zülalı, B vitaminləri qrupu və nişasta ilə zəngindir. Nişasta həzm traktında uzun müddət parçalanır, qlükozanı tədricən özündən buraxır. Uzun müddət həzm edilməsi gec aclıq hissinin əmələ gəlməsinin zəmanətidir. Bu səbəbdən mərci, lobya və yaşıl noxudu arıqlamaq istəyənlərə məsləhət görürlər.
8.Qəhvəyi düyü
Onun qəhvəyi qabığı təmizlənməmiş düyünü təmizlənmiş ağ düyüdən fərqləndirir. Məhz həmin örtük dənli bitkini bu dərəcədə faydalı edir. Qəhvəyi düyü ağ düyü ilə müqayisədə B1 və B2 vitaminləri ilə 90 faiz daha çox zəngindir. Bundan başqa, onun tərkibində sellüloz çoxdur, aşağı qlikemik indeksə malikdir, yəni həzm prosesində qlükozanın kəskin artmasına yol vermir.
9.Ağartı məhsullarından hazırlanan içkilər
Qatqısız təbii kefir və yoqurtlarda laktobakteriyalar çoxdur, bunlar bağırsaq mikroflorasına faydalıdır. Laktobakteriyalar bağırsaqda patogen mikroorqanizmləri istismar edir, faydalı bakteriyaların artımını stimullaşdırır. Nəticədə, həzm yaxşılaşır, infeksiyalı xəstəliklərə davamlılıq artır. Təsadüfən demirlər ki, immunitet bağırsaqda yerləşir!
10.Pendir
Yumşaq və bərk pendirlərin tərkibi orqanizmimizə vacib olan kalsiumla zəngindir. Kalsiumdan sümüklər, dişlər formalaşır, həmçinin o, qanyaranma və immunitet sistemlərinin fəaliyyətində iştirak edir. Pendir kalsiumun miqdarına görə digər süd məhsullarını üstələyir, çünki o, fermentləşdirilmiş süd “konsentratıdır”. Bir kiloqram pendir hazırlamaq üçün 8 kiloqram süd sərf olunur.
11.Kəpəkli undan hazırlanan çörək
Belə unun tərkibində sellüloz və B vitaminlər qrupu ehtiyatı böyükdür. Kəpəkli undan hazırlanan çörək paxlalılar və dənli bitkilər kimi orqanizm tərəfindən gec mənimsənilir. Uzun karbohidratlar dörd saat ərzində parçalanır, aclıq hiss olunmur ki, bu da arıqlamaq üçün faydalıdır. Sellüloz bağırsağın fəaliyyətini stimullaşdırır, onu şlaklardan təmizləyir və qəbizliyi aradan qaldırır.
12.Kartof
Kartof tərkibindəki kaliuma görə digər ərzaqları üstələyir. 100 qram tərəvəzdən siz mikroelementin dörd sutkalıq normasını ala bilərsiniz. Rasionda kaliumun kifayət həcmi ürək-damar sisteminin və möhkəm sinirlərin fəaliyyətinin zəmanətidir.
Kartofdan mütləq pörtlədilmiş və ya bişirilmiş istifadə edilməlidir. Qızardılmış kartofun tərkibində mikroelementlər aşağı düşür, tərəvəzin kaloriliyi artır və akrilamid maddəsi üzə çıxır ki, bu da kanserogen təsirə malikdir.
13.Kələm
Kələmin bütün növləri (Brüssel, ağbaş, kolrabi və s.) C vitamini və sellülozla zəngindir. Həmçinin həzm sistemini onkoloji xəstəliklərdən müdafiə edən xərçəngəleyhinə maddələr kompleksinə malikdir. Kələmi buğa verilmiş, pörtlədilmiş və qızarmış halda yemək olar. Lakin ən yaxşısı çiy halda yeyilməsi məsləhətdir. Belə halda tərəvəzin tərkibində bağırsaqları əsaslı surətdə təmizləyən kobud bitki lifləri daha çoxdur.
Turşuya qoyulmuş kələm qışda viruslu xəstəliklər üçün əla profilaktika olacaq. Onun tərkibində C vitamini limona nisbətən 20 dəfə çoxdur.
14.Meyvələr
İstisnasız olaraq, meyvələrin hər biri faydalıdır. Hətta şəkər diabeti zamanı şirin olanı belə. İstifadə və təhlükəsizlik sirri – tərkibində sellülozun yüksək olmasındadır. Sellüloz bağırsaqda şəkərin sovrulması prosesinin sürətini azaldır. Bu səbəbdən də banan, üzüm, qırmızı alma, yemiş, alimlərin son elmi tədqiqatlarının nəticələrinə görə, diabet xəstəliyi, piylənmə, maddələr mübadiləsinin pozuntusu olan insanlar üçün ən dəyərli qida məhsuludur. Əlbəttə ki, bu, sağlamlıq problemi olmayan insanlara da aiddir.
15.Qoz-fındıq
Qoz-fındığın tərkibində doymamış yağlar çoxdur, onların zəncirvarı quruluşuna görə qırmızı balığın yağ turşularına yaxındır. Lakin onların faydası bununla bitmir. Qoz-fındığın hər növü əksər insanlarda çatışmazlığı olan kompleks maddələrlə zəngindir. Selen, sink və maqnezium qoz-fındığı daha dəyərli ərzaq edir. Tərkibində olan E vitamini isə bu çərəzləri dərinin və saçın gözəlliyinə aid edilən ərzaqlar siyahısına salır.
16.Dəniz kələmi
Həmçinin laminariya yosunu adlanan bu bitkinin tərkibində bioloji aktiv maddələr və mikroelementlər kompleksi yerləşir. Xüsusən dəniz kələmi yodla zəngindir. Yod çatışmazlığı dənizdən uzaqda yerləşən iri şəhərlərin və yaşayış məntəqələrinin sakinləri üçün səciyyəvi haldır.
17.Soyalı ərzaqlar
Soyalı pendir, kəsmik Yaponiya mətbəxinin ənənəvi məhsullarıdır. Bu ölkədə ən yüksək uzunömürlülük və onkoloji xəstəliklərin ən aşağı səviyyəsi qeydə alınıb. Soyalı məhsullardan istifadə bu göstəricilərə nail olmaqda heç də son yerləri tutmur.
Soyalı pendir izoflavanoidlərlə zəngindir. Bu maddə qadın hormonu olan estrogenlə oxşardır. Alimlər hesab edirlər ki, izoflavanoidlər xərçəngin hormondan asılı növünün inkişafını dayandırmaq xassəsinə malikdirlər. Buna görə də Yaponiyada praktik olaraq süd vəzisi xərçənginə rast gəlmək mümkün deyil.
18.Yumurta
Yumurtanın xolesterini artırmaq qabiliyyəti qismən şişirdilib. Ancaq onun orqanizm üçün faydası, əksinə, sonadək dəyərləndirilməyib. Bu ərzaq zülal və B2 vitamini üçün ideal mənbədir. Bu maddələr çatışmazlığı dərinin quruluğuna, saç tökülməsinə və görmə qabiliyyətinin pisləşməsinə gətirib çıxarır.
19.Avokado
Xaricdən gətirilən bu meyvə Omeqa-9 yarıdoymamış yağ turşuları ilə zəngindir. Məhz bu, meyvənin lətinə yağlılıq verir və damarları xolesterindən təmizləyir. Bunun sayəsində orqanizm avokadonun tərkibində olan lüteini ideal şəkildə mənimsəyir. Bu maddə gözün sağlamlığını dəstəkləməyə və ahıl yaşda görmə qabiliyyətini yaxşılaşdırmağa qadirdir.
20.Tumlar
Yağ turşularının daha bir mənbəyi və rasion üçün dəyərli komponent tumlardır. Balqabaq və günəbaxan tumlarından az miqdarda istifadə damarları təmizləyir, depressiyadan müdafiə edir və sərbəst radikalları bloklayaraq, insanın gənc qalmasına şərait yaradır.

Tehsil-press.az



Oxşar xəbərlər