MDBMİ-də Azərbaycan həftəsi açılıb

MDBMİ-də Azərbaycan həftəsi açılıb Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Azərbaycan həftəsi açılıb.
Tədbir MDBMİ-nin Azərbaycan Klubunun 15 illiyinə həsr edilib.
MDBMİ-nin prorektoru Artyom Malqin həftənin açılış mərasimində çıxış edib. O, Azərbaycan ilə daha yaxşı və daha yaxından tanış olmağa imkan verəcək bu tədbirin əhəmiyyətini vurğulayaraq deyib: “Bu tədbir Azərbaycana üz çevirməyə, sözün hərfi mənasında onun dadına baxmağa, bu ölkə ilə maraqlanmağa, bəlkə də təyyarəyə bilet alıb Azərbaycana uçmağa imkan verəcək”. Prorektor Azərbaycan həftəsinin təşkilatçılarına bu həftə çərçivəsində keçiriləcək tədbirlərə MDBMİ-nin digər klublarının nümayəndələrini, müxtəlif millətlərdən olan dostları və tələbə yoldaşları da dəvət etməyi məsləhət görüb.
Heydər Əliyev Fondunun Rusiya bölməsinin humanitar şöbəsinin rəhbəri Tamilla Əhmədova xatırladıb ki, MDBMİ ilə Azərbaycanı sıx dostluq telləri bağlayır. O deyib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev MDBMİ-nin fəxri doktoru adına layiq görülüb, ölkəmizin prezidenti İlham Əliyev həm bu əfsanəvi ali məktəbdə təhsil alıb, həm də xidməti karyerasına məhz burada başlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva MDBMİ-nin magistraturasının məzunudur. 2013-cü ildə bizim Prezidentin təşəbbüsü ilə Bakıda MDBMİ məzunlarının Birinci Forumu keçirilib”.
T.Əhmədova həftənin təşkilatçılarına və iştirakçılarına uğurlu və səmərəli iş arzulayıb.
Azərbaycan Prezidenti Aparatının İctimai-siyasi şöbəsinin əməkdaşı, MDBMİ-nin məzunu Natiq Əliyev, MDBMİ-nin Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafından söhbət açaraq gənclərə uğurlu iş arzulayıblar.
Azərbaycan həftəsinin açılışı mərasimində Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun işlərinin sərgisi keçirilib. Qonaqlar Azərbaycanın şəkərbura , paxlava və digər məşhur şirniyyatını dadıblar.
Noyabrın 22-dək davam edəcək həftənin proqramında mühazirələr, ustad dərsləri və yaradıcılıq görüşləri, Azərbaycan rəssamlarının sərgiləri, dəyirmi masalar, Azərbaycan filmlərinin nümayişi, məşhur azərbaycanlılarla görüşlər və yekun konserti nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər