Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Dekabrın 16-da elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə konfransın açılış mərasimi keçirilib və tədbir öz işinə başlayıb. Konfrans elm və təhsil sahəsində mühüm əməkdaşlıq əlaqələrinin qurulması, elmi müzakirələrin aparılması, tədqiqatçı alimlərin bir araya gəlməsi, elmi məruzə və dinləmələrlə yadda qalıb.
Tədbir çərçivəsində ADNSU ilə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandumlar imzalanıb. Universitetin qonağı olan ali təhsil müəssisələrinin rəhbərləri eyni zamanda ADNSU-nun maddi-texniki bazası ilə tanış olublar.
İki gün davam edən konfrans panel sessiyaları və bölmə iclasları ilə işini davam etdirib. Konfrans çərçivəsində elmi ictimaiyyət üçün aktual mövzulara həsr olunmuş iki panel sessiyası “Elm əsaslı innovasiya” və “Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri” mövzularında müzakirələr keçirilib.
Bölmə iclasları ilə davam edən konfransda beş elmi istiqamət üzrə - təbiət elmləri, mühəndislik, riyaziyyat və İKT, sosial və humanitar elmlər, həmçinin ictimai elmlər üzrə plenar iclaslar təşkil olunub. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı ümumi göstəricilər üzrə 609 iştirakçı ilə lider mövqedədir. Konfransa 600-dən artıq elmi məqalə qəbul olunub. Tədbirə Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və elmi-tədqiqat institutunu təmsil edən doktorant və gənc tədqiqatçıların tezisləri daxil olub.
Tehsil-press.az










