Antonio Quterreş: XXI əsrin çağırışlarını uğurla həll etmək üçün gender stereotiplərini qırmaq lazımdır

Antonio Quterreş: XXI əsrin çağırışlarını uğurla həll etmək üçün gender stereotiplərini qırmaq lazımdır BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.
Günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir. Bu isə o deməkdir ki, elmi sahələrdə daha çox qadın çalışmalıdır. Müxtəliflik istedadlı tədqiqatçıların əhatəsini genişləndirir, yeni perspektivlər, istedadlar açır və yaradıcı potensialı üzə çıxardır. Bu günün qeyd olunması qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmdə iştirakını gücləndirməyin vacibliyini xatırladır.
BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü münasibətilə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, elm kollektiv bilik sahəsidir. Ancaq elmin inkişafı kişi və qadın arasındakı fərqə görə ləngiyir. Tələbə qızların çox az hissəsi ali məktəblərdə elmi fənləri öyrənməyi seçirlər. XI əsrin çağırışlarını uğurla həll etmək üçün biz bütün potensialımızdan istifadə etməliyik. Bunun üçün gender stereotiplərini qırmaq lazımdır. Bu isə qadınların peşə karyeralarında alim və tədqiqatçı olmağı seçmələrinə kömək göstərməyi zəruri edir.
Müraciətdə qadın və qızların təhsil, təlim və elmi sahədə peşəkar karyera əldə etmələrini təşviq etməyin, gender bərabərsizliyini aradan qaldırmaq üçün dünya ölkələrinin səy göstərməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, BMT-nin hesabatlarına görə, elm və gender bərabərliyi təşkilatın 2030-cu ilədək dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bəşəriyyətin son 15 ildə bu sahədə böyük nailiyyətlər əldə etməsinə baxmayaraq qızlar və qadınlar hələ də təhsil almaqda maneələrlə qarşılaşırlar. Dünyada elmi tədqiqatlarla məşğul olanların cəmi 30 faizi zərif cinsin nümayəndələridir. UNESKO-nun hesabatına görə, 2014-2016-cı illərdə ali məktəblərdə təhsil alan qızların cəmi 30 faizi elmi-texniki fənləri seçib. İnformasiya kommunikasiya texnologiyaları üzrə ixtisasları seçən qızlar 3 faiz, riyaziyyat və statistika üzrə 5 faiz, mühəndislik və sənaye üzrə isə 8 faizdir.

Tehsil-press.az

Oxşar xəbərlər