Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı başa çatıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı başa çatıb Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirib.
Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılıb. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər.
Əvvəlcədən məlumat verildiyi və imtahan iştirakçılarının yaddaş kitabçasında qeyd olunduğu kimi saat 10:45-dən sonra imtahana gələn şəxslər imtahan binasına buraxılmayıblar.
Fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya komissiyası yaradılıb. Bakalavrlar Apellyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apellyasiya komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər