Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib

Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.
Baş Nazir Əli Əsədov son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artdığını bildirib. Hökumətin dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxladığını və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirdiyini vurğulayan Baş Nazir deyib: “Prezident İlham Əliyev martın 10-da Milli Məclisdə Azərbaycan iqtisadiyyatının inkişafı barədə ətraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmiş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə də neft bazarlarına mənfi təsirləri vardır. Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Azərbaycanın müsbət beynəlxalq investisiya mövqeyi onun beynəlxalq kreditor rolunda çıxış etdiyini göstərir”.
Əli Əsədov qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir.
Bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərginlik və bu sahədə mövcud vəziyyətə dair məlumat verib. Elman Rüstəmov Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirərək, bu gün ölkəmizin belə çağırışlara tam hazır olduğunu vurğulayıb. “Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib”, - deyə Elman Rüstəmov vurğulayıb.
Baş Nazirin “Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və “Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır. Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib. Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə də vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracağıq və əgər lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcəkdir.
Azərbaycanın mövcud iqtisadi vəziyyəti və neftin qiymətinin azalmasının qısa və ortamüddətli dövrdə ölkə iqtisadiyyatına təsir imkanları barədə məlumat verən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması. Qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır. Cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib”.
Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.
Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığına toxunan Mikayıl Cabbarov deyib: “İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”.
Nazir, həmçinin qeyd edib ki, iqtisadi artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanıb hökumətə təqdim olunacaq. Eyni zamanda, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə çevik tədbirlər həyata keçirir. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha gücləndiriləcək, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Eyni zamanda, haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək.
Neftin qiymətinin aşağı düşməsi 2020-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə təsir imkanları barədə Maliyyə naziri Samir Şərifov məlumat verərək qeyd edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır. “Cari il üçün təsdiq olunmuş dövlət büdcəsinə nəzər salsaq görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir”, - deyə Samir Şərifov vurğulayıb.
Nazir qeyd edib ki, cari ilin ilk iki ayında vergi orqanları tərəfindən proqnoz göstəricilər artıqlaması ilə icra olunub. Eyni zamanda, gömrük orqanları tərəfindən də daxilolmalar artıqlaması ilə icra edilib. Artıq icra olunan gəlirlər 4 milyon manat təşkil edir. Digər tərəfdən, büdcənin formalaşmasında Dövlət Neft Fondundan olan transfert mühüm rol oynayır. Bu transfertin də dövlət büdcəsinə daxil olması təmin edilir. Yəni, hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı da işlər davam etdirilir. Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir. Bu qənaətlərdən də səmərəli istifadə olunacaq. Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı. “Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində mümkün olub. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Müşavirədə bir sıra tapşırıqlar da verilib: İlk növbədə, Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirsin; Artıq əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı qərar layihəsi Milli Məclisdədir; Mərkəzi Bank Prezidentin tapşırıqlarına müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması istiqamətində görülən tədbirləri davam etdirsin və atılacaq addımları sürətləndirsin; Vergi xidməti orqanları səlahiyyətləri çərçivəsində valyuta bazarında yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görsün; Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.
Müşavirəyə yekun vuran Baş Nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib: “Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək. Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu 6 dəfə üstələyir. Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaqdır”.

Tehsil-press.az

Oxşar xəbərlər