Prezident hökumət qarşısında tələb qoyub - Borc azalsın

Prezident hökumət qarşısında tələb qoyub - Borc azalsın “Bu gün 1 barrel neftin qiyməti təqribən 70 ABŞ dolları ətrafında formalaşır. Biz Davos gündəliyinə fikir versək, cənab Prezidentin iştirak etdiyi sessiyaya, eyni zamanda, görüşlərdə söylədiyi fikirlərə baxsaq görərik ki, cənab prezident bu sualı cavablandırarkən bildirdi ki, neftin yüksək qiyməti artıq Azərbaycanın iqtisadi inkişafının drayveri kimi çıxış edə bilməz”.
Bunu Azərbaycan prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Televiziyasının “Həftə” proqramına müsahibəsində deyib. O, bildirib ki, prezident hökumət qarşısında aydın mesaj qoyaraq aydın tapşırıqlar verib: “2018-ci il üçün dövlət büdcəsində neftin qiyməti 1 barrelə görə 45 ABŞ dolları civarında götürülüb. Neftin yüksək qiymətindən yaranan fərq yalnız Azərbaycanın strateji valyuta ehtiyatlarının artırılmasına, ölkəmizin onsuz da dünya miqyasında kifayət qədər kiçik olan dövlət borcunun bir az da azaldılmasına imkan verəcək. Bildiyiniz kimi, Azərbaycanda dövlət borcu ümumi daxili məhsula nisbətdə olduqca kiçikdir. Bu baxımdan Azərbaycan dünyada lider ölkələrdən biridir.
Amma cənab prezident hökumət qarşısında tələb qoyur ki, bu kiçik borc daha da kiçilməlidir və Azərbaycanın neftin qiymətindən yaranan gəlirləri ölkənin strateji valyuta ehtiyatlarının artırılmasına yönəlməlidir. Hökumət qurumları qarşısında isə bilavasitə qeyri-neft sektorunun inkişafı, qeyri-neft sektorundan dövlətin, vətəndaşların gəlirlərinin artırılması istiqamətində addımları dəstəkləmək və buradan gələn gəlirlərlə ölkəni idarə etmək tələbini qoyub. Bu tələbdən irəli gələn siyasət də hökumət tərəfindən icra olunur”.
N. Əmirov deyib ki, Azərbaycanın qeyri-neft sənayesi 4 faiz, qeyri-neft sektoru isə 2,7 faiz artıb. Bütün bunlar o illərdə baş verib ki, dünyanın bir çox ölkələri, xüsusilə neft hasil edən ölkələr ciddi tənəzzül dövrünü yaşayır, iqtisadiyyat geriləyirdi: “Amma Azərbaycan qeyri-neft sektorunun inkişafına, qeyri-neft sənayesinin artımına nail olur, həmçinin strateji valyuta ehtiyatlarımız 4 milyard yarım ABŞ dollarına qədər artır”.
Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, öz qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyyatın şaxələndirilməsinə nail olmaqla yanaşı, həm də enerji ölkəsi olaraq mövqeyini qoruyub saxlayır. Hətta bir sıra hallarda enerji resurslarının tranziti, daşınması və eyni zamanda, istehsalı üzrə də nəinki öz mövqeyini qoruyur saxlayır, hətta bir qədər də qabağa aparır: “Buna misal olaraq, cənab Prezidentin Davosda keçirdiyi görüşləri göstərə bilərəm. OPEC-in sədri Məhəmməd Barkindo cənab Prezidentlə görüşdə çox məmnuniyyətlə vurğuladı ki, 2016-cı ilin sonunda OPEC və OPEC üzvü olmayan ölkələrin birgə müzakirəsi və neft hasilatının tənzimlənməsi barədə qərarların qəbulunda və ümumiyyətlə, bu dövlətlərin bir araya gələrək bu istiqamətdə qərarların qəbul edilməsində cənab Prezidentin çox mühüm rolu olub”.

Tehsil-press.az

Oxşar xəbərlər