ADA Universitetində Virtual Əmək Yarmarkası keçirilir

ADA Universitetində Virtual Əmək Yarmarkası keçirilir ADA Universitetində onun Karyera Mərkəzi tərəfindən Virtual Əmək Yarmarkası keçirilir.
Aprelin 14-dən başlanmış əmək yarmarkası 24-dək davam edəcək. Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən iş yerlərinin fəaliyyəti və ölkə miqyasında tədbirlərin təşkili dayandırıldığından bu il aprelin 10-da keçirilməsi nəzərdə tutulan ADA Universitetinin Səkkizinci Karyera Yarmarkası cari ilin payızınadək təxirə salınıb. Bu səbəbdən də Karyera Mərkəzi tələbə və məzunları əmək bazarının aparıcı qurumları ilə bir araya gətirmək ənənəsini davam etdirərək onlara karyera fürsətləri təqdim etmək məqsədilə onlayn rejimdə ADA Virtual Əmək Yarmarkası təşkil edib.
“İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən ADA Virtual Əmək Yarmarkasında dövlət və özəl sektoru təmsil edən 32 qurum 90-dan çox qurumdaxili vakansiya, təcrübə və digər karyera imkanlarını CAREERlink platforması vasitəsilə onlayn rejimdə ADA Universitetinin tələbə və məzunları üçün açıq elan etsə də, yarmarkaya şirkətlərin qeydiyyatı aprelin 24-dək davam edəcək və bu baxımdan da vakansiyaların sayında artım gözlənilir.
Yarmarkada təmsil edilən maliyyə və bankçılıq, telekommunikasiya, təhsil, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən yerli və xarici müəssisələrin siyahısına 4 yeni qurum da daxil edilib ki, həmin qurumlar müasir bilik və bacarıqlara malik tələbə və məzunlara vakansiyalarını təqdim edəcək.
Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən Virtual Əmək Yarmarkası çərçivəsində aprelin 18-də bu bankın İdarə Heyəti sədrinin müavini, baş transformasiya inzibatçısı Taleh Tahirli əsas çıxışçı qismində tələbə və məzunları salamlayacaq. “Dəyişdir və yenilik et!” mövzusunda çıxış edəcək T.Tahirli müasir və rəqabətli əmək bazarında uğurlu karyeraya sahib olmaq üçün lazımi keyfiyyət və bacarıqlar barədə gəncləri məlumatlandıracaq, bu istiqamətdə tövsiyələrini və öz karyera yolunda müşahidə etdiyi təcrübələri onlarla paylaşacaq.
“Virtual Əmək Yarmarkasının təşkilində məqsədimiz hər il keçirdiyimiz ADA Universitetinin Karyera Yarmarkasının əsas məqsədi ilə eynilik təşkil edir. Bu virtual Yarmarkanı təşkil etməklə gənclərin əmək bazarına inteqrasiyasına, onların məşğulluq bazarının insan kapitalı ilə bağlı mövcud tələbləri və prioritet istiqamətləri barədə məlumat əldə etməsinə və ölkənin aparıcı qurumları ilə gənclər arasında peşəkar əlaqələrin yaradılmasına xidmət edirik”, - deyən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, hazırda üzləşdiyimiz çətinliklər səbəbilə bir sıra şirkətlər insan kapitalına dair strategiyalarını yenidən nəzərdən keçirirlər. Bu səbəbdən də gənclərin dövlət və özəl sektorun tələbləri üzrə bilik və bacarıqlarını inkişaf etdirməsi, vakansiya, təcrübə və digər karyera imkanlarından faydalanması vacibdir.
ADA Universitetində təhsil alan tələbələri ilk kursdan etibarən əmək bazarı ilə tanış edən, onların rəqabətədavamlı kadrlar kimi yetişməsini dəstəkləyən Karyera Mərkəzinin məlumatına əsasən, Virtual Əmək Yarmarkasının keçiriləcəyi ilə bağlı Universitetin tələbə və məzunlarına əvvəlcədən məlumat göndərilib. Qeyd edək ki, Karyera Mərkəzi vasitəsilə müxtəlif qurumlarda staj keçmək fürsətindən yararlanan tələbələr çox zaman elə həmin qurumlarda iş təklifi alırlar və bunun nəticəsidir ki, ADA Universitetinin məzunlarının məşğulluq səviyyəsi 90 faizdən yuxarıdır.
Azərbaycan Beynəlxalq Bankındakı mövcud vakansiyalarla aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://www.linkedin.com/in/iba-careers/
https://www.instagram.com/ibacareers/
https://www.facebook.com/groups/482815796002026/

Tehsil-press.az



Oxşar xəbərlər