Qərbi Kaspi Universitetinin tələbələri təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alırlar

Qərbi Kaspi Universitetinin tələbələri təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alırlar Qərbi Kaspi Universitetinin tələbələri Milli Məclis, “ASAN xidmət” mərkəzləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının institutları, banklar, muzeylər və s. qurumlarda təcrübə keçirlər.
Bundan əlavə, universitet tələbələri üçün xüsusi təcrübə proqramları da təşkil edilir. Ölkənin aparıcı mobil operatoru olan “Bakcell”lə əməkdaşlıq çərçivəsində bu günlərdə növbəti təcrübə proqramına başlanılacaq. Belə ki, Qərbi Kaspi Universitetinin tələbələri satış və marketinq şöbəsində təcrübə keçməyə başlayacaqlar.
Sevindirici haldır ki, tələbələr təcrübə keçdikləri müəssisələrdən iş təklifləri alırlar. Tələbələrin ixtisas, xarici dil və informasiya texnologiyaları bilikləri yüksək qiymətləndirilir. Hər il universitetin onlarla tələbəsi təcrübə keçdikləri təşkilatlarda işlə təmin olunur.
Bu ilin mart ayında Qərbi Kaspi Universiteti tərəfindən keçirilən və 50-dək şirkətin qatıldığı əmək yarmarkası tələbələr üçün yeni iş imkanları açıb. Universitetin xeyli sayda tələbəsi və məzunu bu yarmarkada iştirak edərək işlə təmin olunub və təcrübə proqramlarına qoşulub.
Qərbi Kaspi Universiteti tələbələrini işə götürməklə də onların məşğulluq problemini həll edir. Hazırda universitetin onlarla məzun və tələbəsi bu ali təhsil ocağının laboratoriyalarında, mərkəzlərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir.
Qərb Kaspi Universitetində fəaliyyət göstərən karyera mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər reallaşdırır. Bununla yanaşı, tələbələr üçün işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.
Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri tapmaqda yardım edir. Universitetin tələbələri haqqında hərtərəfli məlumat informasiya bazasına toplanır. Hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər