“Elə bilirlər ki, sərhədə getməklə onların keçidi asanlaşacaq”

“Elə bilirlər ki, sərhədə getməklə onların keçidi asanlaşacaq” Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiyadan ölkəmizə gəlmək istəyən vətəndaşlarımıza müraciət edib.
L.Abdullayeva AzTV-nin “Hədəf” verilişində deyib ki, sərhəddə yığışan vətəndaşlarımız elə bilirlər ki, sərhəd məntəqəsinə getməklə onların keçidi asanlaşacaq:
“Bu, düzgün yanaşma deyil. Vətəndaşlarımız belə etməklə, əslində öz sağlamlıqlarını riskə atmış olurlar. Onlar özlərini, yaxınlarını, Azərbaycan xalqını düşünürlərsə, anlamalıdırlar ki, ölkəyə dönüş, hazırkı vəziyyət və karantin yerlərinə uyğun şəkildə həyata keçirilir. İlk növbədə xalqımızı düşünməliyik, eqoist yanaşıb təkcə özümüzü düşünməməliyik. Burada söhbət 10 milyonluq əhalinin təhlükəsizliyindən və sağlamlığından gedir. Bunu biz demirik, bütün dünya, Ümumdünya Səhiyyə Təşkilatı deyir. Ətraf ölkələrə baxın, görün vəziyyət necədir?! İşlər planlı şəkildə həyata keçirilməyən, məsələyə qeyri-ciddi yanaşan ölkələrdə koronavirus infeksiyasının yayılması sürəti göz qabağındadır. Ən inkişaf etmiş dövlətlər də, xəstəliyin yayılmasının qarşısını ala bilmirlər. Azərbaycan dövləti isə əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün ən lazımlı, ən effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir”.

Tehsil-press.az

Oxşar xəbərlər