Həm özümüzü, həm də cəmiyyətimizi qoruyaq

Həm özümüzü, həm də cəmiyyətimizi qoruyaq Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və yaratdığı təhlükənin qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən məqsədyönlü kompleks mübarizə tədbirləri aparılır. Profilaktik və təxirəsalınmaz zəruri tədbirlərin icrasının təmini üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 25-ci maddəsinə əsasən koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edib. Virusun coğrafiyasının sürətlə genişləndiyini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən kompleks tədbirlər laborator analizlərin götürülməsi, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilməsi, virusa yoluxan şəxslərin xüsusi xəstəxanalarda müalicə olunması, əhalinin maarifləndirilməsi və digər təxirəsalınmaz işlər görülür. Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.
Bu fikirləri ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova söyləyib. O bildirib ki, Azərbaycan Respublikası Baş Nazirinin müvafiq sərəncamlarına əsasən 2020-ci il martın 3-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. ATMU da qeyd olunan sərəncama çevik reaksiya verib, bütün mümkün onlayn kommunikasiya vasitələrindən istifadə etməklə martın əvvəlindən başlayaraq fəaliyyətini məsafədən idarəetmə modeli əsasında qurub. Nəticədə bu vaxta qədər ənənəvi qaydada həyata keçirilən bütün istiqamətlər (idarəetmə, tədris, maliyyə, kadr və s.) üzrə cari fəaliyyətin təşkili müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə əsaslanıb.
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən universitetdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin icrası aktuallığını saxlayır. Ali təhsil müəssisəsinin hər iki tədris binasının auditoriyaları, kitabxanaları, dəhlizləri və digər ərazilərində davamlı dezinfeksiya işləri aparılır. ATMU-nun ərazisində, binanın daxilində təlimatlara uyğun olaraq xüsusi karantin rejiminin qüvvədə olduğu dövrdə koronavirusa (COVID-19) yoluxma riskinin azaldılması məqsədilə müvafiq qaydalara riayət edilməsi ciddi şəkildə nəzarətdə saxlanılır. Belə ki, əməkdaşların sosial məsafə saxlaması şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) mütləq istifadə etmələri, gigiyenik qaydalara əmək olunması, görüş və iclasların onlayn platformalardan istifadə etməklə keçirilməsinə üstünlük verilir. Həmçinin universitetdə vətəndaşların qəbulunun Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun həyata keçirilməsi, əməkdaşların mümkün qədər işə növbəli cəlb olunmasının təmin edilməsi və bu qəbildən olan digər qaydalara əməl olunması daim diqqət mərkəzindədir. Qeyd olunan xüsusi təlimatlar “ATMU-MEDİA”da yayımlanaraq professor-müəllim heyəti, əməkdaşlar və tələbələr mütəmadi olaraq məlumatlı saxlanılır. Hər bir vətəndaş qoyulan tələblərə ciddi əməl etsə, üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirsə həyatın normal axarına qayıtmaq mümkün olar. Qəbul edilmiş qayda və tələblərə əməl etsək həm özümüzü, həm də cəmiyyətimizi mövcud vəziyyətdən xilas edə bilərik. Maskalardan istifadə etməklə, həm ətrafımız, həm də cəmiyyətimiz bu infeksiyadan, müxtəlif xəstəliklərdən sığortalanmış olar”, - deyə Səidə Məmmədova qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər