Mədəniyyət və İncəsənət Universitetində koronavirus infeksiyasından qorunmaq üçün zəruri tədbirlər görülür

Mədəniyyət və İncəsənət Universitetində koronavirus infeksiyasından qorunmaq üçün zəruri tədbirlər görülür Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) zəruri tədbirlər həyata keçirilir.
Təhlükəli virusun Azərbaycan ərazisində yayılma ehtimalı yarandığı vaxtdan etibarən universitetdə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Bir həftə ərzində Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən universitetin bütün tədris binaları və ictimai-iaşə obyektləri dezinfeksiya olunub, bütün bölmələr zəruri tibbi-sanitar ləvazimatlarla təmin edilib.
Martın 3-dək universitetin professor-müəllim heyəti, işçi personalı, həm də tələbələri ilə mövcud vəziyyətlə bağlı maarifləndirici görüşlər keçirilib. Kollektiv koronavirus xəstəliyi, onun əlamətləri və xəstəlikdən qorunma üsulları haqqında geniş məlumatlandırılıb. Ötən həftə ADMİU-da universitet rəhbərliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda keçirilən maarifləndirici tədbirdə koronovirusun fəsadları və ondan qorunmağın yolları haqqında ətraflı məlumat verilib. Kollektivə profilaktik təhlükəsizlik tədbirləri görmək, panikaya düşməmək, epidemiyadan qorunmaq üçün tibbi ləvazimatlardan doğru istifadə etmək və gigiyena qaydalarına sərt riayət etmək tövsiyə edilib. Azərbaycanda sanitar-epidemioloji vəziyyətin xüsusi nəzarətdə olduğu, aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməklərinə dair tapşırıqlar verildiyi vurğulanıb.
Qeyd edək ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində ADMİU-da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə ADMİU-da təkrar dezinfeksiya işləri aparılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xüsusi dərman preparatı ilə bütün tədris auditoriyalarının və otaqların dezinfeksiyasını həyata keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər