ABŞ-a və Avropaya miqrasiya edən erməni təxribat dalğası Ermənistanı siyasi məğlubiyyətə sürükləyir

ABŞ-a və Avropaya miqrasiya edən erməni təxribat dalğası Ermənistanı siyasi məğlubiyyətə sürükləyir Tovuz döyüşlərində Ermənistanın hərbi təxribatının əzmlə dəf edildiyini, eləcə də on minlərlə vətəndaşımızın müzəffər ordumuzla çiyin-çiyinə vuruşmaq üçün Ali Baş Komandana müraciətini görən mənfur qonşu növbəti dəfə də dünyanı öz alçaq və rəzil əməlləri ilə təəccübləndirdi. Belə ki, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerin təbiri ilə desək, Los-Ancelesdə dinc aksiya üçün yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmaq mümkün deyil.
Təşkilatlanmış ermənilərin sözügedən həmlələrinin qarşısının alınmasında Los-Ancelesin hüquq-mühafizə orqanları rəhbərliyinin acizliyini ifadə etməsi, ABŞ-a miqrasiya edən erməni təxribat dalğasının daha böyük məqsədlərə xidmət etdiyini göstərir.
Bu fikirləri AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov söyləyib. O deyib: “Daha sonra analoji proseslərin Belçika, Fransa, Böyük Britaniya, İsveç, Polşa və Avropanın digər ölkələrində, habelə Avstraliyada reallaşdırılması təxribatların eyni mərkəzdən idarə edilməsi arqumentini xeyli gücləndirdi. Təxribat məqsədli terrorların ssenarisinin İrəvanda hazırlanması həqiqəti bizimlə bərabər, dünya ictimaiyyəti üçün də şübhə doğurmurdu. Belə ssenarilərin həyata keçirilməsi üçün daha səriştəli və təcrübəli peşəkarlar tələb olunurdu ki, bu vəziyyətdə Ermənistanın köməyinə ASALA terror təşkilatının davamçıları olan erməni diasporunun nümayəndələri çatdılar. Sözügedən təxribatların ümdə məqsədi, sivil yolla fikirlərini ifadə etmək üçün şəxsi iradə və təşəbbüsləri ilə toplaşan aksiya iştirakçılarının qarşısını almaqla, onları terror dili ilə qorxutmaq, ümumilikdə bütün azərbaycanlılara mesaj olsun deyə, xalqımızın mübarizə ruhunu sarsıtmaq idi. Lakin Ermənistan hakimiyyəti bu dəfə də məğlubiyyətdən sığortalana bilmədi. Hadisələrə şahid olan ölkələrin vətəndaşları ilə birgə dünyanın siyasi elitası da ermənilərin vandalizm məqsədli həmlələrinin əsil mahiyyətini qısa bir zamanda dərk edə bildi. Hərbi arenada uduzan Ermənistan hakimiyyəti, növbəti təxribatı ilə siyasi mənada da məğlubiyyətə doğru sürətlə gedir”.

Tehsil-press.az

Oxşar xəbərlər