Azərbaycan Dillər Universiteti doktoranturaya və dissertanturaya qəbul elan edib

Azərbaycan Dillər Universiteti doktoranturaya və dissertanturaya qəbul elan edib Azərbaycan Dillər Universiteti fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslərin azı iki il elmi və ya elmi-pedaqoji iş stajı olmalıdır. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) qəbul imtahanı verirlər.
Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanlarından azad olunurlar.
Doktoranturaya sənədlər sentyabrın 25-dək qəbul edilir. İstehsalatdan ayrılmaqla dövlət büdcəsi hesabına təhsil alan doktorantlar təqaüdlə təmin olunur. Qəbul olunanların yataqxana ilə təmin edilməsi nəzərdə tutulmur.
Daha ətraflı məlumatı universitetin saytından əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər