Şuşa sevincimiz mübarək olsun!

Şuşa sevincimiz mübarək olsun! Titrək əllərində üçrəngli Azərbaycan bayrağı tutan balaca!
Əlində yellədiyin aylı-ulduzlu bayraq indi Şuşa şəhərinin ən uca nöqtəsində dalğalanır!
28 il 6 ay işğalda olmuş xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərinin bugünkü azadlıq gününə sən də sevinirsən. Gözün aydın olsun!
Biz 10 min 400 gündən artıq bu günü gözləmişik!
10 min 400 gün!
Sən xoşbəxtsən!
Sən həm də ona görə xoşbəxtsən ki, bu dözülməz ağrını, bu iztirabı, bu həsrəti yaşamaq sənə nəsib olmadı.
Sən bu yolda gedən qurbanları, axıdılan qanı, didilən sinələri, qovrulan ürəkləri görmədin. Əlbəttə, illər keçəcək, böyüyəndən sonra sənin atanın, babanın və onların mənsub olduğu nəslin bu qədim diyara, bu möhtəşəm şəhərə, Azərbaycanın muğam-musiqi beşiyi sayılan Şuşaya qovuşmaq üçün hansı əziyyəti çəkdiyini, onun hansı zəhmət bahasına öz sahibinə qayıtdığını biləcəksən.
Şuşa həsrəti sözə gəlməz, Şuşa iztirabı qələmə sığışmaz, Şuşa yanğısı dəryalarla soyumaz, necə ki, Şuşa özü təsvirə gəlmir...
Sevin, balaca dost, sevin, əziz Vətən sevdalısı!
Üzündəki təbəssüm, gözündəki sevinc əbədi olsun! Sən qədim Şuşaya qalib əsgər, məğrur vətəndaş kimi daxil olacaq və qürur hissi ilə orda yaşayacaqsan!
Şuşa sevincin mübarək olsun!
Təkcə sənin yox, hamımızın...

Tehsil-press.az

Oxşar xəbərlər