Dünya azərbaycanlıları Şuşa şəhərinin azad olunmasını qeyd edirlər

Dünya azərbaycanlıları Şuşa şəhərinin azad olunmasını qeyd edirlər Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı virtual görüş keçirib.
Xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı bugünkü tarixi çıxışını yenidən birlikdə dinləyiblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızı bu şanlı qələbə münasibətilə təbrik edib və qeyd edib ki, “Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qələbəsidir. Mən Müzəffər Ali Baş Komandana sizin hər birinizin təşəkkürünü çatdırıram”.
Komitə sədri daha sonra bildirib: “Son illər dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənib, biz bunu Koordinasiya Şuralarının, Azərbaycan evlərinin yaranması ilə daha sıx müşahidə etdik. Bu gün dünyanın hər yerində Qarabağa dəstək aksiyaları keçirilir, soydaşlarımız haqq səslərini daha ucadan qaldırırlar”.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Azərbaycan xalqını böyük qələbə münasibətilə ailələri adından təbrik edib və bu əvəzsiz sevinci bizə yaşadan şanlı Ordumuza daha böyük uğurlar arzulayıb.
Çıxış edənlər bildiriblər ki, Dövlət Bayrağı Günü ərəfəsində qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın burada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir: “Biz tariximizin ən şərəfli gününü yaşayırıq. Bu şərəfli tarixi yaradan Ordumuza və Müzəffər Ali Baş Komandana minnətdarıq. Hörmətli Müzəffər Ali Baş Komandan, Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb”.
Serbiya, Polşa, Macarıstan, Slovakiya, İsveçrə, İsveç, Norveç, Finlandiya, Niderland, İngiltərə, İsrail, Kanada, Estoniya, Latviya,Litva, Yunanıstan, Danimarka, Çex Respublikası, İtaliya, Malta, İspaniya Krallığı, ABŞ, Almaniya, Fransa, Avstriya, Avstraliya, Türkiyə və Rusiyadan 54 soydaşımızın iştirak etdiyi görüşdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun əvəzsiz xidmətləri, keçirilən etiraz aksiyalarının əhəmiyyəti barədə də danışılıb, diasporun təşkilatlanmasının mühüm nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər