Dövlət İdarəçilik Akademiyasında qürurverici görüş: Cəbhədən gələn var

Dövlət İdarəçilik Akademiyasında qürurverici görüş: Cəbhədən gələn var Qırx dörd günlük Vətən müharibəsinin od-alovundan keçərək qələbə bayrağımızı zirvələrə ucaltmış mübariz əsgərlərimiz arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) müəllim, tələbə və məzunları da var. Bu şərəfli tarixi yazan insanlar tutduğu mövqedən, peşəsindən asılı olmayaraq Müzəffər Ali Baş Komandanın, Vətənin çağırışına səs verdilər. Müəllimlər, tələbələr, məzunlar “Vətən çağırır”, “Vətən sağ olsun!” şüarı ilə qələmlərini, kitablarını silaha dəyişdilər. Doğma Vətəni işğaldan azad etdilər. Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan rayonlarında və Şuşa şəhərində tarix yazdılar. İndi onlar öz doğmalarının yanına, çalışdıqları kollektivin arasına qəhrəman kimi, qalib əsgər kimi qayıdırlar.
Onların Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqları, ordu ilə xalqın sarsılmaz mənəvi birliyi, döyüşlərdə yeni tarix yazan əsgər və zabitlərimizin fədakarlıqları barədə etdikləri söhbətlər qürur hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Radif Mustafayev, magistr Kənan Vəliyev, Zaur Məmmədov, bakalavr məzunları Elvin Eminsoy, Ülfət Hacıyev və bir çox DİA ailəsinin üzvləri bu şanlı tarixi yazan qəhrəmanlar arasında yer alıblar. Qələmi silaha dəyişənlərlə yanaşı, arxa cəbhədə öz qələmləri ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıran professorlar Elçin Əhmədov və Ziyafət Həbibova, fəlsəfə doktoru, dosent Yusif Ağayev, dosent Zaur Məmmədov kimi fədakar insanların fəaliyyəti kollektivi qürurlandırır.
Xalqımızın tarixinə qızıl hərflərlə həkk olunacaq bu şanlı zəfərin qazanılması və tarixi ədalətin təmin edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarının da iştirak etməsi kollektiv tərəfindən böyük fəxr hissi ilə qarşılanıb.
Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılacaq bu qələbə xalq-dövlət arasında qarşılıqlı inam və etimadın təzahürü idi. Azərbaycana bu möhtəşəm qələbəni qazandıran Müzəffər Ali Baş Komandanın müdrik qərarları, şanlı ordumuzun gücü və sarsılmaz həmrəyliyimiz xalqımızı yenilməz və qalib etdi.

Tehsil-press.az

Oxşar xəbərlər