Dillər Universitetində “Qarabağ həqiqətləri və Vətən müharibəsi” mövzusunda dəyirmi masa

Dillər Universitetində “Qarabağ həqiqətləri və Vətən müharibəsi” mövzusunda dəyirmi masa Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi dekanlığının və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “Qarabağ həqiqətləri və Vətən müharibəsi” mövzusunda onlayn dəyirmi masa təşkil edilib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri vəzifəsini icra edən dosent Qorxmaz Mustafayevin moderatorluğu ilə keçən tədbirdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə aid kafedraların müdirləri, professor-müəllim heyəti, AMEA Tarix İnstitutundan qonaqlar və tələbələr iştirak ediblər.
Dəyirmi masada Q.Mustafayev Qarabağ “düyünü”nün yaranması səbəbləri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, Azərbaycan xalqının birliyi və ordumuzun qəhrəmanlığından danışıb.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Əlizadə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışaraq mənbələrdən gətirdiyi sitatlarla tarixi həqiqətləri diqqətə çatdırıb.
Tarix İnstitutunun Qarabağ şöbəsinin müdiri Güntəkin Nəcəfli “Azərbaycan torpaqlarında ermənilərə dövlət və muxtariyyət yaradılması” mövzusunda məruzə edib. Məruzədə 1918-ci ildə tarixdə ilk dəfə Qafqaz ərazisində Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması, 1920-ci ildə bolşevik işğalından sonra Zəngəzurun sovetləşən Ermənistana verilməsi, Azərbaycan ərazisində isə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması qeyd olunub.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova Azərbaycan Respublikasının müstəqillik əldə etməsi və Ermənistanın işğalçılıq siyasəti haqqında çıxışında SSRİ-nin süqutu ərəfəsində ictimai-siyasi vəziyyət, Ermənistanın planlı şəkildə xalqımıza qarşı törətdiyi vəhşiliklər, Xocalı soyqırımı, bunun arxasında yatan erməni hiyləsindən danışıb.
Kafedranın dosenti Namiq Kərimov “Qarabağ Azərbaycandır! Vətən müharibəsində Ermənistanın kapitulyasiyası” mövzusunda çıxış edərək Azərbaycan dövlətinin və xalqının torpaqlarımızın işğalı ilə barışmadığını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin iqtisadiyyatını gücləndirmək üçün həyata keçirdiyi tədbirlər, xarici dövlətlərlə enerji layihələrinə dair müqavilələr və onların əhəmiyyəti haqqında məlumat verib. Həyata keçirilən bütün tədbirlərin bugünkü qələbənin əldə olunmasında, işğalçıların torpaqlarımızdan qovulmasında mühüm rolu vurğulanıb.
Müzakirələrdə dosent Asif Abbasov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun 28 illik köçkünlüyə son qoyduğunu vurğulayıb. Dosentlər - Sevdagül Əliyeva, Bəhmən Əliyev, Aidə Yusifzadə və Ədalət Abdıyeva tarixi həqiqətlərin tələbələrə çatdırılmasının vacibliyindən danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər