“Yeni çağırışlar”da növbəti qonaq məşhur təhsil tədqiqatçısı Pasi Sahlberq olacaq

“Yeni çağırışlar”da növbəti qonaq məşhur təhsil tədqiqatçısı Pasi Sahlberq olacaq Fevralın 20-si saat 11:00-da Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Verilişin qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberq olacaq. Proqramda Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəblərindən danışılacaq. Proqram Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, Pasi Sahlberq Finlandiya təhsil sistemini dünyaya tanıdan alim kimi tanınır. Karyerasına müəllim kimi başlayan Pasi Sahlberq fəaliyyətini Finlandiya Təhsil və Mədəniyyət Nazirliyində baş direktor, Harvard Universitetinin qonaq professoru, Dünya Bankının baş təhsil mütəxəssisi, Avropa Təlim Fondunun aparıcı təhsil mütəxəssisi kimi davam etdirib. Azərbaycan, Türkiyə, Orta Şərq və Rusiya Federasiyası da daxil olmaqla dünyanın bir çox təhsil liderlərinin məsləhətçisi olub. Hazırda Avstraliyanın “New South Wales” Universitetinin təhsil siyasəti üzrə professoru, Şotlandiyanın birinci naziri və Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin beynəlxalq müşaviridir. Bir çox nüfuzlu mükafatlar, eləcə də müəllifi olduğu “Fin dərsləri: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələri öyrənə bilər?” kitabı ilə dünyanı dəyişdirmə potensialı ideyasına görə “Grawemeyer” mükafatını qazanıb.
Pasi Sahlberq “Uşaqlar oynasın: oyunlar məktəblərimizi xilas edəcək və uşaqları inkişaf etdirəcək” və "Müəllimlərə güvənirik: dünya səviyyəli məktəblər üçün Fin yolu” kitablarının həmmüəlifidir. 2021-ci ildə “Fin dərsləri 3.0: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələr öyrənə bilər?” adlı yeni kitabı çap edilib.
Qeyd edək ki, “Yeni çağırışlar” “T-NETWORK” koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat olub.

Tehsil-press.az



Oxşar xəbərlər