Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “Şanlı Zəfərə gedən yolun başlanğıcı – Aprel döyüşlərinin 10-cu ildönümü” adlı tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Aprel döyüşlərinin tarixi hadisə kimi qələbəyə aparan yolun başlanğıcı olduğunu deyib. Bildirib ki, Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib. Xalqımız 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edərək şanlı Qələbəmizin qazanılmasına nail olub. Zaur Əliyev fakültənin şəhid məzunu Ceyhun Şalıyevin Aprel döyüşləri və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açıb.
Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov Aprel döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrün siyasi xəritəsi barəsində danışıb. Müharibə və post müharibə dövründə atılan addımları, eyni zamanda ötən il avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin paraflanmasını Prezident İlham Əliyevin “güclü hüquqi və siyasi həmlə”si adlandırıb.
Hüquq fakültəsinin şəhid məzunu Ceyhun Şalıyevin qardaşı, BDU-nun tələbəsi Kamal Şalıyev qardaşı ilə bağlı xatirələrini bölüşüb, Universitetdə keçirilən belə tədbirlər ilə şəhidlərimizin xatirəsinin yaddaşlara həkk olunduğunu deyib.
Hüquq fakültəsinin tələbəsi Jalə Babazadə qalib gəncliyin məsuliyyətinin böyük olduğunu vurğulayıb: “Gənclərin borcu şəhidlərimizin qanları bahasına azad edilən torpaqlarımızı, ərazi bütövlüyümüzü və suverenliyimizi qorumaqdır”.
Tehsil-press.az












