Bakı Dövlət Universiteti Azərbaycan Notariat Palatası ilə əməkdaşlığa başlayıb

Bakı Dövlət Universiteti Azərbaycan Notariat Palatası ilə əməkdaşlığa başlayıb Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Notariat Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov imzalayıblar.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək universitetlə Azərbaycan Notariat Palatası arasında əməkdaşlığın perspektivlərinin əhəmiyyətini vurğulayaraq, hüquqşünas kadrların yetişdirilməsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, notariat sahəsində ixtisaslı kadrların universitetin tədris fəaliyyətinə cəlb edilməsi və digər məsələlər barəsində danışıb.
Notariat Palatasının sədri Hüseyn Məmmədov son dövrlərdə ölkədə notariat sahəsində aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb. Xüsusi notariat institutu geniş tətbiq olunub, notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi istifadəyə verilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Palata sədri çıxışında bu istiqamətdə Bakı Dövlət Universiteti ilə gələcək əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, müqavilə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsini, hüquq fakültəsi tələbələrinin notariat orqanlarında təcrübə keçməsinə şərait yaratmaq, notarial təcrübənin artırılması ilə bağlı birgə layihələr, konfranslar, simpozium və s. tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Görüşdə BDU-nun prorektoru Əliş Ağamirzəyev, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Vidadi Mayıl, Bakı şəhər 11 saylı Notariat ofisinin notariusu İlqar Məmmədov da iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər