Azərbaycanın və Belarusun Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni saziş imzalanıb

Azərbaycanın və Belarusun Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair yeni saziş imzalanıb Azərbaycan-Belarus dostluq və səmərəli əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr də xüsusi yer tutur. Belə ki, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair mühüm sazişlər imzalanaraq uğurla icra olunur, nümayəndə heyətlərinin mübadiləsi aparılır, hüquqi yardım göstərilir. Bu əlaqələrin möhkəmləndirilməsi məqsədilə nazirliklər arasında qarşılıqlı fəaliyyətin əlavə sahələrini müəyyən edən əməkdaşlığa dair yeni sazişin imzalanması qərara alınıb. Həmin sənəd qısa müddətdə razılaşdırılıb və onun imzalanması məqsədilə Belarusun ədliyyə naziri Oleq Slijevski sentyabrın 21-də nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib.
Səfər zamanı belaruslu nazir əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaq, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Belarusun ədliyyə naziri Oleq Slijevskinin görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Belarus arasında səmimi dostluğa və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərin uğurlu inkişafından danışılaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun müstəsna rolu vurğulanıb, dövlətlərimizin başçılarının müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin genişləndirilməsinə böyük təkan verdiyi qeyd olunub.
Həmçinin ədliyyə nazirlərinin görüşlərinin hüquqi sahədə qarşılıqlı fəaliyyətə mühüm töhfə verdiyi vurğulanıb, hər iki dövlətdə ədliyyə sistemində aparılan islahatlardan və yeniliklərdən bəhs olunaraq əməkdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib, səmərəli fikir və təcrübə mübadiləsi aparılıb.
Nazir O.Slijevski Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizin hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulayıb, səmimi qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. Qonaq ölkəmizin ədliyyə və məhkəmə sistemindəki nailiyyətlərinə və bu sahədə müsbət təcrübəmizə böyük maraq göstərərək təqdir edib, iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılaraq, bu münaqişə ilə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində həllində Belarus dövlətinin ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirdiyi bildirilib. Belarus tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini söyləyib.
Sonra Azərbaycanın və Belarusun Ədliyyə nazirlikləri arasında elektron ədliyyə, ədliyyə işçilərinin tədrisi, notariat, məhkəmə qərarlarının icrası, mediasiya və digər sahələrdə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Saziş imzalanıb. Nazirlər bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edərək, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əminliklərini bildiriblər.
Nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olan qonaqlara nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətini, həmçinin iki ölkə arasında hüquqi əlaqələri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı materialları əks etdirən xüsusi jurnallar və əyani vəsaitlər təqdim edilib.
Həmin gün nazirliyin Qeydiyyat və notariat baş idarəsində olan Belarus nümayəndə heyəti orada elektron notariat sistemi, aparılan reyestrlər və informasiya resursları ilə tanış olub. Eyni zamanda, Azərbaycan brendi olan və ədliyyənin də geniş xidmətlər göstərdiyi "ASAN xidmət"ə xüsusi maraq göstərən qonaqlar onun vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti ilə tanış olaraq təqdir ediblər.
Səfər çərçivəsində Belarus nümayəndə heyəti Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olub. Qonaqların, həmçinin bölgələrdə yerli və regional ədliyyə qurumlarının fəaliyyəti, müasir məhkəmə infrastrukturu və informasiya texnologiyalarının tətbiqi, habelə Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlığı nəzərdə tutulur.

Təhsil-press.az

Oxşar xəbərlər