“Bu, asan olmayacaq” - Prezident

“Bu, asan olmayacaq” - Prezident "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin belə bir aktual mövzuda müzakirələr təşkil etməsi təqdirəlayiqdir. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın aparıcı qurumlarından birinə çevrilib. Onun fəaliyyəti dünyada sülhün, sabitliyin və ədalətin təmin olunmasına yönəlib. Təşkilatın bu dəyərlərin təşviq olunması baxımından zəngin təcrübəsi var".
Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib.
Dövlət başçısı deyib: “İkinci Qarabağ müharibəsi regionda yeni reallıq yaradıb. Bu baxımından bugünkü müzakirələrin mövzusu çox aktualdır. Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir.
“Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır”, - deyə dövlət başçısı əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər