Bakı Dövlət Universitetinin tələbələri “PAŞA Bank”ın kodlaşdırma üzrə təlim sessiyalarında iştirak edəcəklər

Bakı Dövlət Universitetinin tələbələri “PAŞA Bank”ın kodlaşdırma üzrə təlim sessiyalarında iştirak edəcəklər Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri “PAŞA Bank”ın kodlaşdırma üzrə təlim sessiyalarında iştirak edəcəklər.
Ümumilikdə 17 sessiyadan ibarət olan təlimlər iyulun 15-dən etibarən həftədə iki dəfə saat 12:00-da “Microsoft Teams” üzərindən həyata keçiriləcək. Hər sessiyadan sonra “Telegram” kanalı vasitəsilə tələbələrə ev tapşırığı və linklər göndəriləcək. Təlim Bankın Rəqəmsal Mühəndislik komandasının üzvləri tərəfindən keçiriləcək. Sessiyalar zamanı peşəkarlar tərəfindən “Java SE”, “Spring Boot”, “Gradle”, “SQL”, “Liquibase”, “Mikroservis Arxitekturası” və digər texnologiyalar üzrə təlimlər təşkil olunacaq. Təlim sessiyalarının sonunda tələbələr xüsusi platforma üzərindən imtahan verəcək. İmtahanı uğurla keçən tələbələr bankdaxili “Mentorship” proqramına qoşulmaq və gələcəkdə “PAŞA Bank”da təcrübə keçmək şansı qazanacaqlar.
Qeyd edək ki, təlimlər “PAŞA Bank” ilə BDU arasında əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən informasiya texnologiyalarının, innovasiyaların tətbiqi, təhsil və bank sahələrində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın istifadəsi, təhsil və bank xidmətləri sahəsində birgə seminar, treninq, konfrans və digər təhsil tədbirlərinin təşkili nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər