Müəllimlərin işə qəbulu müsabiqəsində test tapşırıqlarının elmi-statistik təhlili aparılacaq

Müəllimlərin işə qəbulu müsabiqəsində test tapşırıqlarının elmi-statistik təhlili aparılacaq 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq.
Bu fikirlər təhsil naziri Emin Əmrullayevin feysbuk səhifəsində yayımladığı paylaşımda yer alıb.
Nazir qeyd edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsinə iyulun 5-də start verilib və avqustun 2-də başa çatacaq.
Müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər