Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə təkrar test imtahanları keçiriləcək

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə təkrar test imtahanları keçiriləcək 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə keçiriləcək təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.
Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.
2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinə iyulun 5-də start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Xatırladaq ki, müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər