“O sərəncamda Hacıbala Abutalıbovun imzası var, mənim yox”

“O sərəncamda Hacıbala Abutalıbovun imzası var, mənim yox” Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyevin vəkili məhkəmədə əlavə şahidlərin dindirilməsi üçün vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanılıb.
Daha sonra sabiq aparat rəhbəri prokurorun suallarını cavablandırıb: "Ovaxtkı müavin Rauf Pənahovun vəfatından sonra Hacıbala Abutalıbov mənə 3 nəfər idarə rəisinin müavinliyə təqdimatını hazırlamağı tapşırdı. Lakin təəssüf ki, onlardan ikisi ümumiyyətlə ərizə yazmaq savadına malik deyildi. Bu barədə Hacıbala Abutalıbova məlumat verdikdən sonra o, müavin vəzifəsinin səlahiyyətlərinin müvəqqəti icrasının mənə həvalə edilməsi barədə sərəncam imzaladı. Təəssüf ki, bu barədə Prezident Administirasiyasına heç bir təqdimat getməyib.
Rauf Pənahovun kurasiyasında olan Dini Qurumlarla iş üzrə Komissiyaya və Fövqəladə Hallar Komissiyasına rəhbərliyi mən apardım. Daha sonra Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi. Bundan sonra mən həm Aparat rəhbərinin, həm başçının müavininin, həm də başçının poçtuna gələn məktublara nəzarət etməyə başladım".
Rasim Quliyev bildirib ki, Hacıbala Abutalıbov tərəfindən 1 saylı İqtisadi İnzibati Məhkəməyə daxil olan məktubda göstərilib ki, Rauf Pənahov rəhmətə getdiyi üçün tikintiyə nəzarət işləri və icazə rəhbərliklə razılaşdırılmaqla Bakı şəhər İcra Hakimiyyətinin Aparat Rəhbərinə həvalə edilib: "Yəni mən özbaşına heç bir sənədə imza ata və icazə verə bilməzdim. Mən bütün sənədləri rəhbərliklə razılaşdırmalı idim.
Həmin vaxt mən ərizə yazıb işdən çıxa da bilmirdim, çünki başçı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra mən ərizəmi yazıb işdən azad olundum. Mən öz ərizəmlə BŞİH-in aparat rəhbəri vəzifəsindən azad olunmuşam, müavin vəzifəsindən yox. Belə çıxır ki, mən hələ də müavin vəzifəsində işləyirəm?!
Dilarə Əliyeva küçəsindəki ərazidə söküntü və abadlıq işlərinin aparılması ilə bağlı sərəncamda Hacıbala Abutalıbovun imzası var, mənim yox".
R. Quliyev bildirib ki, tikintiyə sərəncamı və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Arxitektura Baş İdarəsi hazırlayıb: "Mən sadəcə razılaşdırılmış və müsbət rəy almış sərəncamlara qol çəkmişəm. Mən sərəncamı ekstrimal şəraitdə imzalamışam, çünki həmin vaxt başçı vəzifəyə təyin olunmuşdu, müavin isə rəhmətə getmişdi. Digər 2 müavin vəzifəsi isə boş idi.
Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü əvvəlcə vəfat edən müavində idi. Daha sonra o möhür Hacıbala Abutalıbovda olub. Deməli o həm də İdarənin rəisi vəzifəsini də icra edib. Abutalıbovun gedişindən sonra isə möhür baş memar Akif Abdullayevdə olub".
Proses sentyabrın 9-da davam etdiriləcək.
Xatırladaq ki, R. Quliyev 2010-2018-ci illər ərzində bu vəzifəni icra edib. O, keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. R. Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.
Onu 308.2-ci maddənin ittihamına əsasən, 3 ildən 7 ilədək, 314-2.3-cü maddənin ittihamına əsasən, 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Tehsil-press.az


Oxşar xəbərlər