Polimer Materialları İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib 25 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə GAMŞ-ın sədri, Poliefir və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçisi Günel Qurbanlı açıb. O, bu gün həm tarixi hadisəni xatırlamaq, həm də ədalətin təntənəsini qeyd etmək üçün toplandıqlarını bildirib.

Sonra GAMŞ-ın üzvləri – Elektro- və bioaktiv роlimеr materialları lаbоrаtоriyаsının kiçik elmi işçisi Şəbnəm Məmmədova, Biomimetik polimer materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Fəridə Məmmədova və Nanopolimer kompozitlər laboratoriyasının elmi işçisi Aidə Dünyamalıyevanın Xocalı faciəsinə həsr olunan çıxışları dinlənilib. Məruzəçilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrin yalnız Azərbaycan xalqına qarşı törədilmiş faciə deyil, bütün bəşəriyyətin yaddaşında iz qoyan ağır bir cinayət olduğunu vurğulayıblar. O gecə dinc əhaliyə misli görünməmiş divan tutulmuş, yüzlərlə günahsız insan düşmənin amansız hücumu nəticəsində qətlə yetirilmiş, minlərlə insan yaralanmış, əsir və girov götürülmüşdür.

Faciədən 28 il sonra 44 günlük Vətən müharibəsi dövründə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanları vətənimizin qürurunu, şərəfini, torpağımızın şanını, şöhrətini canları bahasına geri qaytardılar. 2023- cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağının ucaldılması təkcə hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası, şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuzun yerinə yetirilməsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalq-ordu birliyi bu möhtəşəm nəticəni təmin etdi.

Tehsil-press.az

Oxşar xəbərlər