Siyavuş Novruzov "çörək və benzin" haqda nə deyib?

Siyavuş Novruzov Sosial şəbəkələrdə Milli Məclisin deputatı Siyavuş Novruzovun adından çörəyin qiymətinin bahalaşması ilə bağlı yayılan fikirlər geniş müzakirəyə səbəb olub.
S.Novruzov iddialara cavab verib və bəzi sosial şəbəkə səhifələrdə onun adından həqiqətə uyğun olmayan və reallığı əks etdirməyən sözlər yayıldığını bildirib:
“İddia olunur ki, guya mən "benzin və çörək" barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm.
Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.
Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.
Qeyd edək ki, Siyavuş Novruzovun adından sosial şəbəkələrdə bu cür mətn yayılıb: “İllərlə çörək kəsdiyimiz jurnalistlər mənə zəng edirlər ki, benzindən sonra çörəyin də qiyməti qalxıb. Nə deyə bilərsiniz? Mənə, xahiş edirəm, bu haqda sual verməyin. Mən uzun illərdir ki, çörək yemirəm. Çörək məni kökəldir. Hər səhər ilıq su içirəm, axşam da çörəksiz quzu kababı yeyirəm. Baxın, o boyda dahi Sokrat deyirdi ki, bir insan üçün əxlaq tərbiyəsi çörək və paltardan daha vacibdir. Yəqin nə dediyimi anladınız”.

Tehsil-press.az


Oxşar xəbərlər