Belə çörəkləri almayın - “MADDƏ 586”

Belə çörəkləri almayın - “MADDƏ 586” Çörək bütün xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Əsasən un və sudan ibarət hazırlanmış çörək xəmirin bişirilməsi, buxara verilməsi və qızardılması ilə hazırlanır. Ölkəmizdə müxtəlif çörək növləri bişirilir. Onlar arasında təndir çörəyi, lavaş (yuxa, yayma), fətir, nazik, qalın, kətə, mayasız çörək (cır çörək) – xörəkli çörəyi, bəyim çörəyi, qoz çörəyi, badam çörəyi daha məşhurdur. Hazırda ölkəmizdə çörəyin qiyməti 30 qəpikdən başlayır. Qısası bizdə İspaniyanın Alqotosin kəndində yerləşən Pan Pina çörəkxanasında hazırlanan 150 dollarlıq qızıl kəpəkli çörək yoxdur. Bəs keyfiyyətli çörəyi necə tanımaq olar?

Oxucularımıza bu işdə Tehsil-press.az-ın yeni “Maddə 586” layihəsi yardımçı olacaq.

Keyfiyyətli çörək

Çörəksiz gündəlik tələbatımızı düşünmək mümkün deyil. Bu səbəbdən də çörək alarkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki, qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olduqda orqanizm üçün təhlükələr yaradır. Çörək və çörək-bulka məmulatları ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən müddətlərdə satılmalıdır. Çəki ilə satılan çörəklər bişdikdən 3 saat sonra, ədədlə satılanlar isə isti halda buraхılır. Çörəyin ümumi saхlanma müddəti sortlu undan çəki və ədədlə satılan məmulat üçün 24 saat, kəpəkli və kəpəksiz çovdar unundan bişirilmiş çörəklər üçün 36 saatdan çoх olmamalıdır. Onu da bildirək ki, çörəyin saхlanılma müddəti sobadan çıхan vaхtdan hesablanır. Saхladıqda bir çoх mikroorqanizmlərin inkişafı nəticəsində çörəkdə хəstəlik baş verir. Kartof хəstəliyi kartof çöpləri və s. bakteriyalar vasitəsilə çörəyin içliyində inkişaf edir. Bu хəstəlik ən çoх yay zamanı 2-ci sort buğda çörəyində olur. Çörək bişdikdən 12-24 saatdan sonra içlik qaralır, yapışqanvari yumrular əmələ gəlir. Kartof хəstəliyinə tutulmuş çörək istifadə üçün yararsızdır.

Çörək necə saxlanmalıdır?


Satış obyektlərində çörək məmulatları təmiz, quru, yaxşı ventilyasiya olunan otaqlarda 20-25ºS-də və 75% nisbi rütubətdən yuхarı olmayan şəraitdə saxlanılmalıdır. Onları kəskin iyli məhsullarla məsələn, balıq, tütün məmulatları, sabun, ətriyyatlar və s. bir yerdə saxlamaq olmaz. Bu məmulatların qalaq şəklində, otağın divarlarına bitişik, bir başa yerdən yığılması və ya yerdən 35 sm-dən az, ticarət zalında isə 60 sm-dən az məsafədə yerləşən rəflərdə saxlanılması yol verilməzdir.
Çörək məmulatlarının yaxşı və təzə qalması üçün onların üstü örtüklə örtülməlidir. Çörəyə əl vurmaq yolverilməzdir. Özünəxidmət mağazaları alıcıların çörək və çörək-bulka məmulatlarını seçmələri üçün xüsusi maşalarla təmin olunmalıdır.

Çörəklə bağlı standart

Çörək və çörək məmulatları məcburi sertifikatlaşdırılmalı olan ərzaq məhsuludur. Əks təqdirdə bu malların satışı qadağandır. Azərbaycanda çörəkbişirmədə əsasən aşağıdakı standartlardan istifadə edirlər: 1) Milli Standart 2) Müəssisə standartı 3) Beynəlxalq standart (İSO) 4) Dövlətlərarası standart (ГОСТ).

Çörəyə tələbat

Ölkəmizdə çörəyə olan illik tələbat 1,2 milyon tondur. Əhalinin istehlak etdiyi ərzaq məhsullarının 15%-i çörək və çörək məmulatlarıdır. 2014-cü ilin statistikasına əsasən, adambaşına çörək istehlakı 139,81 kq təşkil edib. 2013-cü ildə bu rəqəm 141,56 kq olub. Minimum istehlak səbətinə görə, əmək qabiliyyətli əhali üçün çörək və çörək məhsullarının istehlakı illik 136.8 kq, pensiyaçılar üçün 107.9 kq, uşaqlar üçün 100.5 kq-dır.

Tehsil-press.az

Oxşar xəbərlər