Türkiyəli professorlar Mingəçevir Dövlət Universitetinin kollektivinə təqdim edilib

Türkiyəli professorlar Mingəçevir Dövlət Universitetinin kollektivinə təqdim edilib 2021-ci ilin 12 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni fəaliyyətə başlayan Türkiyənin Qazi Universitetinin professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmaz kollektivə təqdim olunub. Təqdimatda MDU-nun rektoru Şahin Bayramov və inzibati heyət üzvləri iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan rektor Ş.Bayramov qardaş Türkiyənin aparıcı tərəfdaş ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin professorlarını MDU-nun kollektiv üzvləri ilə bir arada görməkdən məmnunluğunu ifadə edib.
Qazi Universiteti və MDU arasında yaradılan əməkdaşlıq çərçivəsində qonaq professorların universitetin potensialının gücləndirilməsi və hərtərəfli inkişafına yaxından dəstək göstərəcəklərini vurğulayan rektor yeni dövrün universitetinin qurulmasında qabaqcıl xarici təcrübənin tətbiqinin üstünlüklərindən danışıb.
Strateji hədəflərə uyğun olaraq, MDU-nun strukturunun modernləşdirilməsi və müasir tələblər səviyyəsində fəaliyyətinin təkmilləşdirilməsinin zəruriliyindən söz açan Ş.Bayramov bununla bağlı qısa, orta və uzunmüddətli perspektivdə qarşıda duran vəzifələri diqqətə çatdırıb, öz elmi-pedaqoji və idarəetmə təcrübələri ilə türkiyəli professorların universitetin inkişafına əhəmiyyətli töhfə verəcəklərinə əminliyini bildirib.
Göstərilən etimada və diqqətə görə universitet rəhbərliyinə təşəkkür edən türkiyəli professorlar C.Yılmaz və E.N.Yılmaz qardaş universitetin müasirləşməsi yolunda bilik və təcrübələrini əsirgəməyəcəklərini və üzərilərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirəcəklərini qeyd ediblər. Əsas məqsəd kimi MDU-nun inkişafında pay sahibi olmağı qarşıya qoyduqlarını vurğulayan professorlar universitetin kollektiv üzvləri ilə birlikdə məhsuldar fəaliyyət göstərəcəklərinə inandıqlarını söyləyiblər.
Qeyd edək ki, Türkiyənin Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində elektrik və elektronika mühəndisliyi, informasiya təhlükəsizliyi sahələri üzrə tanınmış alimlər C.Yılmaz və E.N.Yılmaz cari tədris ilində MDU-nun Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.

Tehsil-press.az

Oxşar xəbərlər