Növbəti TOEFL iBT imtahanı təşkil olunacaq

Növbəti TOEFL iBT imtahanı təşkil olunacaq Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) TOEFL iBT imtahanı dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə (imtahan verən bəyannaməni çap edərək imzalanmış şəkildə gətirməlidir).
İmtahan saat 9:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan verənlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər