Sosial elmlər və psixologiya, Fizika fakültələrinin dekanları Rövşən Cavadov və Bəxtiyar Paşayev qeyd ediblər ki, Azərbaycanda gender problemlərinə hər zaman xüsusi diqqət ayrılıb, qadınların cəmiyyətdə layiqli yer tutması üçün normativ hüquqi baza formalaşdırılıb, institusional mexanizmlər yaradılıb. Ölkədə son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan verib və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olub.
BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abasova, Gender və tətbiqi psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova geniş məruzə ilə çıxış ediblər. Bildirilib ki, Azərbaycanda gender qanunvericiliyi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə formalaşmağa başlayıb və bu sahədə mühüm qanunvericilik bazası yaradılıb. Xüsusilə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu dövlət gender siyasətinin formalaşdırılmasına, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılmasına hüquqi və praktik zəmin yaradıb. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Qeyd edilib ki, bu qanunlar ictimai həyatın bütün sahələrində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına, bərabər imkanların yaradılmasına və hüquqi bərabərliyin təmin edilməsinə xidmət edir. Eyni zamanda, məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin sosial müdafiəsi və hüquqi yardımla təmin olunması istiqamətində mühüm mexanizmlər müəyyənləşdirilib.
Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, professorlar - Ziba Ağayeva, Rəna Mirzəzadə, Zemfira Hacıyeva, Lalə Möhsümova və Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov qanunvericiliklə yanaşı, cəmiyyətdə düşüncə tərzinin dəyişməsinin də vacib olduğunu vurğulayaraq, maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər.
Tehsil-press.az










