Paytaxt məktəbində Azərbaycan-Slovakiya mədəniyyət festivalı keçirilib

Paytaxt məktəbində Azərbaycan-Slovakiya mədəniyyət festivalı keçirilib Bakı şəhəri 229 nömrəli tam orta məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində Azərbaycan-Slovakiya mədəniyyət festivalı keçirilib. Mərasim Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Festivalda şagirdlər qonaqları Azərbaycan və slovak dillərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təbrik ediblər. Məktəbin şagirdləri hər iki xalqın mədəni irsini özündə ehtiva edən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Festival zamanı məktəbin idmançı şagirdlərinin təqdimatı, Slovakiya mətbəxinin ləziz təamları ilə tanışlıq və dequstasiya, hər iki xalqın milli rəqsləri, məktəblilərin ifasında səslənən mahnılar və Milad bayramına həsr olunmuş musiqili-bədii nömrə qonaqların marağına səbəb olub.
Festivalda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” haqqında geniş məlumat verilib. Bildirilib ki, proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin olimpiya hərəkatını təşviq etmək, ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək və olimpiya dəyərlərini təbliğ etməkdən ibarətdir.
Həmçinin “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində Avropa Gənclərinin Olimpiya Festivalının 2022-ci ildə Slovakiyada keçiriləcəyi diqqətə çatdırılıb.
Festivalda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un yeni seçilən vitse-prezidenti Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, MOK-un İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər