Yaponiya və ABŞ Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb

Yaponiya və ABŞ Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb Yaponiya və ABŞ hökumətləri Nüvə Silahının Yayılmaması Haqda Müqavilə ilə bağlı birgə bəyanatda Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıb.
Bu barədə yanvarın 21-də Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Tokio və Vaşinqton birgə bəyanatda Pxenyanı nüvə və ballistik raketlərini, həmçinin digər kütləvi qırğın silahlarını tam, bərpa edilməyən və yoxlamaya imkan verən şəkildə ləğv etməyə çağırıb. Bundan əlavə Yaponiya və ABŞ İranı da Beynəlxalq Atom Agentliyi ilə əməkdaşlıq edərək, nüvə gərginliyini dərhal və tam şəkildə azaltmağa səsləyib.
Birgə bəyanatda qeyd edilir ki, Yaponiya Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Üzrə Tədbirlər Haqqında Müqavilənin uzadılmasını alqışlayır, Rusiya ilə ABŞ arasında strateji sabitliyə dair dialoqun inkişafını səbirsizliklə gözləyir. Bundan əlavə, Tokio və Vaşinqton Çin Xalq Respublikasını da nüvə risklərini azaltmaq, aşkarlığı artırmaq və nüvə tərksilahını təşviq edən sazişlərə töhfə verməyə çağırıb.
Qeyd edək ki, bu ərəfədə Nüvə Silahının Yayılmaması Haqda Müqavilə üzrə icmal konfrans koronavirusun “omikron” şatmının yayılması ilə əlaqədar qeyri-müəyyən vaxtadək təxirə salınıb. 2021-ci ilin sonlarında Kyodo agentliyi diplomatik mənbələrə istinadla tədbirin 2022-ci il avqustun 1-dən 26-dək keçiriləcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, Nüvə Silahının Yayılmaması Haqda Müqavilə 1968-ci ildə imzalanıb. Bu sənəd Böyük Britaniya, Rusiya, Çin, Fransa və ABŞ-ın nüvə arsenallarını qanuniləşdirərək, bu ölkələrin nüvə dövləti statusunu təmin edib. Digər dövlətlər isə sənədi imzalamaqla kütləvi qırğın silahı yaratmaq və ya əldə etmək hüququndan məhrum ediliblər. Hazırda 190-dan çox ölkə sazişin iştirakçısıdır. Hindistan, Pakistan və İsrail kimi dövlətlər müqavilədən kənarda qalıblar. Şimali Koreya 2003-cü ilin yanvarında sazişdən çıxdığını bəyan edib.

Tehsil-press.az


Oxşar xəbərlər