Təhsil krediti üçün 5 mindən çox tələbə müraciət edib

Təhsil krediti üçün 5 mindən çox tələbə müraciət edib Təhsil Tələbə Kredit Fonduna 2021-2022-ci tədris ilinin payız semestrinin təhsil xərclərinin qarşılanması məqsədilə 5 mindən çox tələbə elektron müraciət edib.
Tam formada uğurla təqdim edilmiş 3 min 359 müraciətin cari emal nəticələrinə əsasən, artıq 2 min 350-yə yaxın tələbə təhsil krediti almaq hüququ qazanıb. Onlardan 686 tələbə ilə müvəkkil bank arasında onlayn formada müqavilə bağlanıb və təhsil haqları nağdsız formada onların təhsil aldıqları müəssisələrin bank hesablarına köçürülüb. Onlayn müqavilələrin bağlanması prosesi davam etməkdədir. Müraciətlərdən 1591-i üzrə elektron ərizələr tələbələr tərəfindən yekunlaşmadığı və notarial ərizə nömrəsi qeyd edilmədiyi üçün sistem tərəfindən emalına başlanılmayıb. Digər müraciətlər üzrə emal işləri və yeni müraciətlərin qəbulu davam etdirilir.
Təhsil tələbə krediti ilə bağı suallar yaranarsa, +994 51 206 78 48 mobil nömrəsi, 146-6 Çağrı mərkəzi, [email protected] elektron poçtu, Təhsil Tələbə Kredit Fondunun feysbuk səhifəsi və fondun saytı vasitəsilə müraciət etmək olar.
Qeyd edək ki, təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “Asan İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üztanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.
Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsilə izləyə bilir.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər