Sönmək üzrə olan ulduzların ətrafında ikinci nəsil planetlər yarana bilər

Sönmək üzrə olan ulduzların ətrafında ikinci nəsil planetlər yarana bilər Astronomlar təkamül mərhələsinin sonuna gəlmiş ulduzların ətrafında planetlərin əmələ gəlməsini aşkar ediblər. Planetlər cavan ulduzların ətrafındakı protoplanet disklərində yaranırlar. Lakin son tədqiqatlar göstərdi ki, bu cür disklər həm də sönmək üzrə olan ulduzların ətrafında formalaşa bilər. Günəş tipli ulduzların həyatlarının sonunda örtükləri genişlənərək qırmızı nəhəngə çevrilir və planetlərini məhv edirlər. Hidrogeni tükənən ulduzun heliumu yanmağa başlayır və ulduzun üst qatlarının atması ilə nəticələnir. Bu faza ifrat nəhənglərin asimptodik qolu (AGB - Asymptotic Giant Branch) adlanır və planet formalaşması üçün heç də yaxşı mühit hesab olunmurdu. Lakin son onillikdə alimlər belə hesab edirlər ki, bəzi hallarda bu fazada planetlərin ikinci nəslinin yaranmasına səbəb ola biləcək yeni diskin formalaşması mümkündür.
Bu tədqiqat işinin ilkin müşahidə materiallarının analizinin nəticələri “Astronomy and Astrophysics” jurnalında dərc olunub. Qeyd edilib ki, tədqiqat işində bizim Qalaktikada yerləşən 85 post-AGB mərhələsində olan qoşa sistemlər tədqiq olunub. Nəticələrə əsasən, post-AGB mərhələsində tədqiq olunmuş ulduzların təxminən 10 faizi planet formalaşması mümkün olan qaz və toz diskləri ilə əhatə olunub.
Astronomlar bu sistemlərin AGB mərhələsindən belə qısa müddətdə necə çıxdıqlarını tam izah edə bilmirlər. Ətraf fəzaya yayılmalı olan material ikinci ulduzun qravitasiyası tərəfindən tutularaq sistemin ətrafında yeni yaranan ulduzlarda olduğu kimi parlaq, isti və fırlanan qaz diski yaradır.
Tədqiqat qrupu bu disklərin birbaşa şəklini ala bilməsə də, infraqırmızı diapazondakı şüalanmalarına əsasən onları öyrənmək mümkün olub. Həmin 10 faiz ulduzlarda disklərin müqayisədə daha zəif olmaları, toz elementi – dəmirin miqdarının az olması kimi faktorlar yeni yaranmış ulduzlarda, diskdə planet əmələ gəlməsinə işarə edən amillərdir. Eyni fiziki halın təkamülünün son mərhələsinə gəlmiş ulduzlarda da müşahidə olunması çox düşündürücüdür.
Bu disklərdə yerləşən planetlərin birinci, yaxud ikinci nəsil olması məsələsi şübhəli qalır. Çünki nəzəriyyəyə əsasən ulduzların post-AGB mərhələsində olduqları zaman periodu (bir neçə 10 min il) planet formalaşması üçün kifayət deyil. Ona görə də hesab olunur ki, bu planetlər AGB mərhələsindən sonra salamat qalmış birinci nəsil planetlərdir. Ancaq birinci nəsil planetlər ikinci nəsil planetlərin əmələ gəlməsinə zəmin yarada, diskin bir bölgəsində toz yığılmasını təmin edərək, bir planetin qartopu (maddə toplama) prosesinə səbəb ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər