Astronomlar planetar dumanlıqda üzvi molekullar aşkar ediblər

Astronomlar planetar dumanlıqda üzvi molekullar aşkar ediblər Amerikalı alimlər Süd Yolunun ən uzaq kənarlarında yerləşən dumanlıqda üzvi molekullar aşkar ediblər. Əvvəllər hesab olunurdu ki, Qalaktikanın bu hissələri mürəkkəb kimyəvi proseslərin dəstəklənməsi üçün son dərəcə soyuqdur.
Tədqiqatın nəticələri Amerika Astronomiya Cəmiyyətinin 238-ci görüşündə təqdim edilib.
Arizona Universitetindən professor Lüsi Ziurisin rəhbərliyi ilə bir qrup tədqiqatçı Çilinin Atakama səhrasında ALMA radioteleskopları kompleksindən istifadə edərək, ölən ulduzların yerində yaranmış beş planetar dumanlıqda sianid turşusundan, formil-iondan və karbon-oksidindən radioşüalanmanı müşahidə edib.
Mövcud hesablamalara görə, ulduzlararası mühitdə maddələrin 90 faizini planetar dumanlıq, 10 faizini ifrat yeni ulduzlar təmin edir. Əvvəllər güman edilirdi ki, planetar dumanlığın maddələri atom şəklindədir. Lakin indi məlum olub ki, planetar dumanlıq yeni ulduz və planetlərin yaranması üçün molekul mənbəyidir. Ulduz ömrünün sonunda kütləsinin böyük hissəsini itirərək ağ cırtdana çevrilən zaman adətən güclü ultrabənövşəyi şüa saçır. Uzun müddət hesab edilib ki, bu şüalanma ulduzlararası mühitdə istənilən molekulları atomlara parçalayır. Müşahidələrin nəticələri bunun belə olmadığını göstərdi.
Əvvəllər planetar dumanlıq yalnız görünən işıqda müşahidə olunurdu və sferik hesab edilirdi, çünki ulduzlar ömrünü kürə şəklində başa vurur. Lakin yüksək dəqiqliklə əldə edilmiş görüntü onların mürəkkəb həndəsəsini üzə çıxarıb. Ölən ulduzun tulladığı sıx materialın bəzi sahələri bipolyar və ya hətta dördqütblü quruluşa malikdir. Müəlliflər hesab edirlər ki, dumanlığın formasının dəyişməsini nukleosintez prosesləri – ulduz daxilində yeni elementlərin yaranması - doğura bilər.
Professor Ziurisin sözlərinə görə, ölən ulduz planetar dumanlıq mərhələsini keçdikdən sonra onda sferik formanı pozan maraqlı dinamika baş verir.
Alimlər Qalaktikanın mərkəzindən kənarlarda metanol molekulyar buludlarının da aşkarlandığını bildiriblər. Arizona Universitetinin ARO teleskopunun köməyilə tədqiqatçılar Qu qollarının 20 molekulyar buludunu öyrəniblər və hamısında da metanol aşkarlayıblar. Tədqiq olunan sahə Qalaktikanın mərkəzindən 13-23,5 kiloparsek məsafədədir.
Tədqiqatçıların fikrincə, onların kəşfi qalaktika məskunluq zonası haqqında mövcud təsəvvürü şübhə altına qoyur. Həmin təsəvvürə əsasən, həyatın inkişaf edə biləcəyi şəraitin mövcudluğu üçün planet sistemi Qalaktika mərkəzinə son dərəcə yaxın yerləşə bilməz, həmçinin ondan lap çox uzaqda ola bilməz; çünki Qalaktikanın kənarlarında həyat üçün oksigen, karbon və azot kimi vacib elementlər çatmır.
Tədqiqatın nəticələri isə göstərir ki, Qalaktikanın kənarlarında da üzvi maddələrin yaranmasına gətirib çıxaran proseslər baş verir.
Hazırda alimlər ulduzlararası mühitdə digər üzvi birləşmələrin axtarışını davam etdirirlər. Onların fikrincə, formalaşan planet sistemlərində mövcud olan üzvi molekullar asteroidlərin səthinə kondensasiya ola bilər. Asteroidlər onları yaranmaqda olan planetlərə daşıyan zaman həmin molekullar orada həyatın yaranmasının başlanğıcını qoya bilər.

Tehsil-press.az



Oxşar xəbərlər