Təhsil Nazirliyi: Bu günədək tələbə krediti üçün 6 minə yaxın müraciət qeydə alınıb

Təhsil Nazirliyi: Bu günədək tələbə krediti üçün 6 minə yaxın müraciət qeydə alınıb 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu fevralın 15-i saat 23:59-da yekunlaşır.
Bu günədək tələbə krediti üçün 5 min 651 müraciət qeydə alınıb. Onlardan 2 min 447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Azərbaycanda fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin tələbələri təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Bu ali məktəblərin 20-si Təhsil Nazirliyinin, 11-i digər dövlət qurumlarının tabeliyindədir. 11 ali təhsil müəssisəsi özəldir, 2-si isə Rusiya Federasiyasının təhsil müəssisələrinin Bakı filialıdır. Eyni zamanda, 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil krediti üçün müraciət edə bilərlər. Bu orta ixtisas məktəblərindən 35-i Təhsil Nazirliyinin, 2-si Naxçıvan MR Təhsil Nazirliyinin, 14-ü digər dövlət qurumlarının tabeliyindədir, 4 orta ixtisas təhsili müəssisəsi isə özəldir. Qeyd olunan təhsil müəssisələrində 266 mindən çox tələbə təhsil alır. Onlardan 246 min 162 nəfəri əyani oxuyur. Əyani təhsil alan tələbələrin 146 min 373 nəfəri ödənişli təhsil alır. Ödənişli təhsil alan 20 min 200 tələbənin təhsil haqqını dövlət ödəyir. Məcburi köçkün statusu olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olan tələbələrin, Azərbaycanın suverenliyi, ərazi bütövlü uğrunda həlak olmuş və əlil olmuş şəxslərin uşaqlarının, əlil tələbələrin təhsil haqqı dövlət hesabına qarşılanır. Onların təhsil tələbə krediti almaq üçün müraciət etmələrinə ehtiyac yoxdur. 126 min 173 tələbə təhsil haqqını özü ödəyir. Bu tələbələrin 28 min 674-nün akademik borcu var, 41 min 291 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Ona görə də onlar təhsil tələbə krediti üçün müraciət edə bilməzlər. Ümumilikdə götürdükdə ödənişli təhsil alan 56 min 208 tələbənin təhsil tələbə krediti almaq hüququ var.
Qeyd edək ki, fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər