BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar”

BDU-da elmi seminar: “Elm və təhsil: müasir çağırışlar” Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Elm və təhsil: müasir çağırışlar” mövzusunda elmi seminar keçirilib.

Seminar BDU-nun Geologiya fakültəsi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi tələbə-gənclərin elmə marağının artırılması və müasir dövrdə təhsil sisteminin inkişaf istiqamətlərinin müzakirəsi olub.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev və hüquq elmləri doktoru, professor Zahid Cəfərov iştirak ediblər.

Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev çıxışında ali təhsildə aparılan islahatların əhəmiyyətindən və tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının vacibliyindən bəhs edib. O, geologiya sahəsində təhsilin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar üzərində qurulmasının zəruriliyini vurğulayıb.

Professor Zahid Cəfərov elm və təhsil sahəsində hüquqi çərçivə, akademik etik qaydalar və hüquqi savadlılığın əhəmiyyəti barədə danışıb. O, akademik dürüstlük və şəffaflığın qorunmasının vacibliyini xüsusi qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlət gənclər siyasəti və gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. O, gənclərin liderlik və təşəbbüskarlıq bacarıqlarının inkişafının vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Elnarə Akimova çıxışında elm və təhsilin strateji əhəmiyyətindən danışaraq innovasiya, rəqəmsallaşma və süni intellektin inkişafının vacibliyini qeyd edib. O, gəncləri daim öz üzərində işləməyə və qlobal rəqabətə hazır mütəxəssislər kimi formalaşmağa çağırıb.

Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev geologiya elminin fundamental əsasları və Yer tarixinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib. O, tələbələri analitik düşünməyə və elmi yanaşmanı mənimsəməyə səsləyib.

Sonda akademik Vasif Babazadə faydalı qazıntıların kəşfiyyatı və mineral ehtiyatların səmərəli istifadəsi barədə danışıb. O, bu sahədə müasir texnologiyaların tətbiqinin və ixtisaslı kadr hazırlığının vacibliyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər