UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Novruz bayramına həsr olunan tədbir keçirilib

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Novruz bayramına həsr olunan tədbir keçirilib Xalqımızın əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Bu münasibətlə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin xatirəsini yad ediblər. Tələbələr Vətən müharibəsində şanlı Qələbəmiz nəticəsində Novruz bayramının artıq ölkəmizin hər bir guşəsində qeyd olunmasından, işğaldan azad edilmiş torpaqlarımızda tarixi-mədəni irsimizin və adət-ənənələrimizin bərpa edilməsindən və doğma Qarabağımızda yandırılan bayram tonqallarından danışıblar.
Kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. Qeyd edib ki, Novruz qədər zəngin ənənəyə malik ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. BMT-nin Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Tədbirdə kollecin tələbələri Novruzun atributlarını əks etdirən səhnəciklər göstəriblər.
Sonra tələbələrin hazırladıqları “Novruz töhfələri” adlı sərgi nümayiş olunub.
Bayram şənliyi Novruz tonqalının ətrafında davam edib. Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi rəng qatıblar.

Tehsil-press.az


Oxşar xəbərlər