“Vətən mənim hər anım” adlı konsert proqramı təqdim olunub

“Vətən mənim hər anım” adlı konsert proqramı təqdim olunub Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocavənd rayonunun Tuğ kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə “Vətən mənim hər anım” adlı konsert proqramı təqdim olunub.
Dövlət İdarəçilik Akademiyası, Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konsert “Şuşa İli”nə həsr edilib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şuşa və Tuğ kənd Uşaq Musiqi Məktəbi ilə bağlı videogörüntülər nümayiş olunub.
Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Dövlət başçısının 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası istiqamətində silsilə tədbirlər davam edir.
Tuğ kənd Uşaq Musiqi Məktəbinin fəaliyyətini yüksək qiymətləndirən rektor bildirib ki, bu məktəb özünün ənənələri və istedadlı şagirdlərilə həmişə seçilib.
Konsertdə bəstəkarlar Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Cahangir Cahangirov, Həsən Rzayev, Ramiz Mirişli, Vaqif Mustafazadənin əsərləri səsləndirilib.
Musiqisi Ceyhun Qurbanova, sözləri Baba Vəzirogluna məxsus olan “Canımız Vətən” adlı klip təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər