Avstriya Rusiya və Ukrayna arasında vasitəçilik edə biləcəkmi?

Avstriya Rusiya və Ukrayna arasında vasitəçilik edə biləcəkmi? Xəbər verdiyimiz kimi, Avstriyanın Federal Kansleri Karl Nehammer aprelin 11-də Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Saat yarım davam edən görüş bağlı qapılar arxasında keçib, görüşdən mətbuata foto və video təqdim edilməyib, eləcə də birgə mətbuat açıqlaması da baş verməyib. Avstriya kansleri görüşdən sonra keçirdiyi videokonfransda bildirib ki, mülki əhali üçün humanitar dəhlizlərin açılması və hərbi əməliyyatların dayandırılması ətrafında fikir mübadiləsi aparılıb. O, Moskva səfərini özü üçün bir öhdəlik kimi dəyərləndirib və hərbi əməliyyatların başa çatması üçün bütün imkanlardan istifadənin vacibliyini vurğulayıb. Açıq və sərt keçən görüşdən müsbət təəssüratla ayrılmadığını bildirən kansler Avstriyanın vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu ifadə edib.
Avropa İttifaqının müvafiq qurumları, Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan və Almaniyanın Kansleri Olaf Şoltsla razılaşdırılmış şəkildə baş tutan səfər zamanı Avstriya tərəfi son onilliklərdə bu ölkənin neytrallığı əsasında münaqişələrin həlli, tərəflərin danışıqları masa arxasına gətirilməsindəki diplomatik təcrübəsinin uğur qazanacağına ümid bəslənib.
Avstriya Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı və tanınmış diplomat Ştefan Lehne kanslerin Moskva səfərini şərh edərkən bildirib ki, Avstriya tərəfi özünün vasitəçilik və körpü quruculuğu rolunu reallıqda olandan daha üstün qiymətləndirir. Vasitəçilik üçün əsas şərt münaqişənin bütün iştirakçıları tərəfindən qəbul olunmaqdır, lakin Aİ-yə üzv olan və Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avstriyanın vasitəçilik səyləri ən azından Rusiya tərəfindən ciddi qəbul edilməyə bilər.
Belə görünür ki, Avropa İttifaqının dəstəyi ilə Avstriyanın vasitəçilik missiyasının və K.Nehammerin fevralın 24-dən bəri ilk Avropa lideri kimi Moskvaya səfəri Kremldə xüsusi effekt doğurmayıb. Bu da göstərir ki, hər iki tərəf arasında indiyədək ən uğurlu vasitəçiliyi Türkiyə aparıb və gələcəkdə rəsmi Ankara bu istiqamətdə daha mühüm rol oynaya bilər.

Tehsil-press.az


Oxşar xəbərlər