Fransa Prezidentinin andiçmə mərasiminin vaxtı məlum olub

Fransa Prezidentinin andiçmə mərasiminin vaxtı məlum olub Aprelin 24-də fransızların 58,55 faizinin səsini qazanaraq yenidən Fransa Prezidenti seçilən Emmanuel Makronun andiçmə mərasiminin vaxtı müəyyənləşib.
Hökumətin sözçüsü Qabriel Attala andiçmə mərasiminin mayın 7-də saat 11:00-da Yelisey sarayında keçiriləcəyini bildirib. Qeyd edib ki, andiçmə mərasiminin təşkilində Fransua Mitteranın 1988-ci ildə ikinci dəfə Prezident seçiləndən sonra keçirilən tədbirin nümunələrindən istifadə olunacaq. E.Makron Fransa Fəxri Legionunun Böyük Xaç ordenini alandan sonra çıxış edəcək və ənənəyə uyğun olaraq, dövlət bayrağına və Respublika Qvardiyasına ehtiramını bildirəcək. Sonra toplardan 21 yaylım atəşi açılacaq.
Emmanuel Makronun birinci mandatı mayın 13-də başa çatacaq.
Qeyd edək ki, Fransanın yeni Prezidenti kimi Emmanuel Makronun 8 May qələbə mərasimində, eləcə də mayın 9-da Strasburqda Avropa İttifaqına sədrliklə bağlı çıxışı olacaq.
E.Makronun yeni Prezident kimi ilk rəsmi səfərini Berlinə edəcəyi gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər