ADA Universitetində “Avropa Günü” seminarı keçirilib

ADA Universitetində “Avropa Günü” seminarı keçirilib ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) və Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin təşkilatçılığı ilə Avropa İttifaqının üzv ölkələrinin səfirləri və diplomatların iştirakı ilə “Avropa Günü: Avropa İttifaqı haqqında daha çox öyrən” mövzusunda seminar keçirilib.
Tədbirdə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələri, "Gənc Avropa səfirləri" şəbəkəsinin üzvləri və tələbələr iştirak ediblər.
IDD-nin direktoru və İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova tədbir iştirakçılarını salamlayıblar.
Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, Fransanın ölkəmizdəki səfiri Zakari Qros, Litvanın ölkəmizdəki səfiri Eqidius Navikas və Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Novruz “Aİ-Azərbaycan” mövzusunda açılış nitqi ilə çıxış ediblər.
Çıxış zamanı qeyd edilib ki, Aİ-nin regionda sülhquruculuğu prosesinə verdiyi töhfə nəzərəçarpandır. Azərbaycan üçün etibarlı iqtisadi tərəfdaş rolunu oynayan Aİ ilə münasibətlər, həmçinin sosial müstəvidə getdikcə inkişaf edir. Genişlənən akademik əlaqələr isə bu inkişafa xüsusi fayda verir.
“Aİ siyasəti və tərəfdaşlıq” mövzusundakı ikinci paneldə Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi, Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebiç, Polşanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Mixal Grecilo çıxış ediblər.
Digər paneldə Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçiak, Latviyanın ölkəmizdəki səfirliyinin Müvəqqəti İşlər Vəkili Vija Buşa və Avropa Komissiyasının “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov “İqtisadiyyat, enerji və cəmiyyət” mövzusunda çıxış ediblər.
Panel müzakirələrdə Çexiya, İtaliya və digər Avropa İttifaqı üzv ölkələrinin səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər