Azərbaycan Dillər Universitetində Məzun günü keçirilib

Azərbaycan Dillər Universitetində Məzun günü keçirilib Azərbaycan Dillər Universitetində (ADU) Məzun günü keçirilib. Tədbirdən öncə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri ilə görüşüb. Rektor qonaqlara universitetdə olan ixtisaslar və universitetin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirib ki, universitetdə ingilis, fransız, alman, italyan, yapon, ispan, İndoneziya, Çin, Koreya və b. dillər tədris olunur. Bu gün Dillər Universitetinin məzunları Azərbaycanın bir çox məktəblərində çalışırlar. Bundan başqa Universitetdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olduğu üçün məzunlar müxtəlif qurumlarda, beynəlxalq müəssisələrdə fəaliyyət göstərirlər.
Rektor əlavə edib ki, ADU beynəlxalq proqramlar vasitəsi ilə müxtəlif ölkələrlə əlaqələr qurub. Bura ABŞ, Rusiya, İtaliya, Fransa, Almaniya, Çin və s. ölkələrin universitetləri daxildir.
Məzun günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi anılıb. Tələbələrin ifasında beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib.
Akademik Kamal Abdulla məzun olmaqları münasibəti ilə tələbələri təbrik edib, gələcək həyatlarında onlara uğurlar arzu edib: “Əminəm ki, universitet tələbələr üçün, tələbələr də universitet üçün darıxacaq. Hər bir məzunumuzu təbrik edirəm. Həyat yolunuz açıq və uğurlu olsun. İnanıram ki, siz bu günü həmişə xatirinizdə saxlayacaqsınız. Məzunu olduğunuz bu il Azərbaycan üçün çox uğurlu oldu. Azərbaycan öz qələbəsini qazanıb, öz Vətən torpaqlarının bütövlüyünü bərqərar edib. Bununla yanaşı, Azərbaycan həqiqəti, obyektivliyi bərqərar edib. Bütün məzunlara mənim nəsihətim budur: həmişə həqiqətin, məhəbbətin, ürəyinizin yanında olun. Azərbaycan Prezidentinin uğurlu siyasi addımlarının, Azərbaycan ordusunun fədakarlığının nəticəsində biz bu gün şad günləri yaşayırıq. Amma qalib xalq olmaq çox böyük bir məsuliyyətdir. Biz dünyaya qalib xalq olmağın mədəniyyətini göstərməliyik. Bunun üçün bizim ürəyimizdə həmişə mərhəmət olmalıdır. Özümüzə rəva bilmədiyimizi başqasına rəva bilməməliyik. Dünyanın bütün xalqlarına eyni gözlə baxmağı bacarmalıyıq. Dinindən, irqindən asılı olmadan hamını sevməyi bacarmalıyıq. Bunu bizə multikultural əcdadlarımız vəsiyyət edib. Mən sizin hamınızı bağrıma basıram, ürəkdən təbrik edirəm. Arzu edirəm, yeni üfüqlərə doğru gedəsiniz. İnanıram ki, hər birimiz Azərbaycanın xoşbəxt gələcəyi, Vətənimizin firavanlığı, Azərbaycan Dillər Universitetinin bundan sonra da çiçəklənməsi uğrunda əlimizdən gələni əsirgəməyəcəyik. Hər birinizə uğurlar!”.
Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp, İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer, Pakistanın ölkəmizdəki səfirinin müavini Moazzam Əli Sahito, Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez, ABŞ-ın ölkəmizdəki səfirinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkman, Hindistanın ölkəmizdəki səfirinin müavini Sudeş Sinxa, Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi, Almaniyanın ölkəmizdəki baş konsulu Gerhard Lutz, İndoneziyanın ölkəmizdəki səfirinin müşaviri İnqan Malamı, Azərbaycan Dillər Universitetinin prorektorları Novruz Məmmədov, Sevinc Zeynalova, Tamam Cəfərova, Azərbaycan Dillər Universitetinin fəxri məzunları - Oqtay Şahbazov, Hüseyn Quliyev, İbrahim Hacıyev, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Beynəlxalq əməkdaşlıq şöbəsini müdiri Tural Əhmədov və başqaları təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplomlarını və Fəxri fərman təqdim ediblər.
Çıxış edən qonaqlar ADU-nun son illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunlarının yüksək bilik göstəriciləri haqqında danışıb, təhsil ocağının fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə universitetin tələbələrinin ifasında bədii kompozisiyalar təqdim olunub.
“Məzun günü”ndə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndələri, ictimai xadimlər, müəllimlər və valideynlər də iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər