Əziz Ələkbərli: Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan mədəni irsə sahib çıxmalıyıq

Əziz Ələkbərli: Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan mədəni irsə sahib çıxmalıyıq İrəvan şəhəri təkcə Azərbaycanın deyil, bütün Şərqin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olub. İrəvan yarandığı gündən Azərbaycan şəhəridir. Bu barədə kifayət qədər faktlar, sənədlər var.
Bunu “Gülüstan” sarayında jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının sədri, “Qərbi Azərbaycan yaddaşı” layihəsinin müəllifi, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
Əziz Ələkbərli deyib: “Təəssüf ki, bölgə çar Rusiyası tərəfindən XIX əsrin əvvəllərində işğal ediləndən sonra buraya çoxlu sayda erməni ailələri köçürüldü. 1918-ci il mayın 29-da burada ermənilərə tarixdə ilk dövlət yaratmaq imkanı verildi və İrəvan şəhəri ermənilərə siyasi mərkəz kimi verildi. Bundan sonra İrəvan şəhərinin erməniləşdirilməsi prosesinə başlanıldı. Ermənilər bütün Qərbi Azərbaycan ərazisində olduğu kimi, İrəvan şəhərində də Azərbaycan mədəni irsinin nümunələrini Yer üzündən silməyə çalışıblar. Bu, ermənilərin xislətidir; hara köçürülürlərsə, orada özlərinin qədimdən yaşadıqlarını sübut etmək üçün yerli xalqların bütün izlərini, demək olar ki, silirlər. İrəvan şəhərində bizə məlum olan bir çox azərbaycanlı yaşayış massivləri car. Lakin azərbaycanlılar İrəvandan zaman-zaman deportasiya edilib. İrəvandakı Təpəbaşı yaşayış massivinin, məhəlləsinin və bu məhəllədəki Təpəbaşı məscidinin qalıqları qalmaqdadır. Ona görə də biz Azərbaycan ziyalıları, mütəxəssislər UNESCO-ya müraciət etdik. Çünki aldığımız informasiyalara görə, İrəvan şəhərində azərbaycanlıların yeganə yadigarı olan yaşayış massivinin ermənilər tərəfindən dağıdılması istiqamətində son zamanlar konkret addımlar atılmaqdadır. Beynəlxalq ictimaiyyət bu məsələyə reaksiya verməsə, biz beş-on ildən sonra həmin o yaşayış massivinin də Yer üzündən silindiyinin şahidi ola bilərik. Burada Abbasqulu xan İrəvanskinin evi, eləcə də başqa tikililər olub. Dünya ictimaiyyəti bu məsələyə laqeyd qalmamalıdır. Məsələ təkcə İrəvanla bitmir. İndiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda bizim tarixi mahallarımız, yüzlərlə kəndlərimiz, şəhərlərimiz olubdur. Həmin ərazilərdə Azərbaycan mədəni irsinin unikal nümunələri var. Təpəbaşı məscidi ilə bağlı həyata keçirilmiş möhtəşəm layihə o biri bölgələrimiz üçün də davam etdirilməlidir. Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq”.
Xatırladaq ki, iyulun 5-də “Gülüstan” sarayında “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatı keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər