Azərbaycan alimlərinin yeni texnoloji həlli Vyetnamın neft yatağında sınaqdan keçirilib

Azərbaycan alimlərinin yeni texnoloji həlli Vyetnamın neft yatağında sınaqdan keçirilib Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) Maye və qaz mexanikası şöbəsinin əməkdaşları tərəfindən işlənilmiş yeni texnoloji üsul və həllər uzun illər ərzində neft-qaz hasilatı sahəsində çalışan şirkətlərin maraq dairəsindədir.
Şöbədə yaradılmış çoxsaylı innovativ texnologiyalar Azərbaycanda – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Daşları, 28 May, N.Nərimanov, Qum Adası, Abşeronneft, Binəqədi, Qarasu, Çin Xalq Respublikasında - Sinopec, Petrochina, CNOOC neft şirkətlərin Yanjiao, Jidong, Bohai Bay, Cunyan yataqlarında, ABŞ-da – GTT, Meksika körfəzi, Oklahoma ştatı yataqlarında, Rusiya Federasiyasında – “LUKOİL”, “Nijnevartovskneft”, “Surgutneftegaz”, “Gazpromneft”, “Slavneft” və “Permneft” şirkətlərinin Langepas, Koqalım, Uray, Samotlor, Novo-Pokursk, Fyodorovsk, Lyəntor, Polazna və s. yataqlarında öz tətbiqlərini tapıb. Bu kimi texnologiyalar sırasında RMİ-nin alimləri tərəfindən – AMEA-nın müxbir üzvü, professor Qeylani Pənahovun rəhbərliyi ilə işlənib-hazırlanmış tərkiblə boru kəmərlərinin su, kondensat və mexaniki qarışıqlardan təmizlənməsini qeyd etmək olar.
Dəniz neft-qaz yataqlarının istismarında flüidlərin yığım və nəqli ilə əlaqədar həyata keçirilən texnoloji proseslər mürəkkəb olmaqla yanaşı, həm də məsuliyyətlidir. Bu şəraitdə stasionar platformalara çıxışları olan rayzerlərə malik sualtı boru kəmərləri korroziyaya uğramaqda və ətraf mühitə təsirdə çox həssasdırlar. Boru kəmərində maye və digər qarışıqların yığılması həm də kəmərin buraxma qabiliyyətinin azaldılmasına gətirib çıxardığından bu vacib məsələnin həlli xüsusi aktuallıq tələb edir.
Burada dəniz neft-qaz yataqlarının işlənməsində istismarda olan qaz kəmərlərində xüsusi buraxılış kameraların olmaması, uzunluğu 70 metrdən çox rayzerlərin mürəkkəb həndəsi quruluşa malik olması bu obyektlərdə təmizlənməni daha da çətinləşdirir.
Belə problemin Vyetnam Sosialist Respublikasının “Vietsovpetro” şirkətinin “Belıy Tiqr” yatağında stasionar platformaları arasında olan qaz kəmərlərində mövcudluğu qeyd olunub.
RMİ-də bu problemlə əlaqədar texnoloji həllərin mövcudluğunu nəzərə alaraq məsələnin həlli ilə əlaqədar Vyetnamın “PV-Chem” (“Petrovietnam”) şirkəti tərəfindən professor Qeylani Pənahov və dosent Eldar Abbasov sınaq tədqiqatlarının aparılması üçün Vunqtau şəhərinə dəvət edilib.
Vunqtau şəhərinə ezam olunan Azərbaycan alimləri Vietsovpetro Elmi-Tədqiqat İnstitutunda elm müəssisəsinin direktor müavini texnika üzrə fəlsəfə doktoru Aleksey İvanov, “Vietsovpetro” istehsalat-texniki şöbəsinin müdiri Le Dan Tam və “PV-Chem” şirkətinin nümayəndələrinin birgə iştirakı ilə bu istiqamətdə çətinliklərin həlli yolları müzakirə edilib, tədqiqat planı işlənib-hazırlanıb.
İlk növbədə “PV-Chem” şirkətinin bazasında təklif olunan həll ilə əlaqədar eksperimental tədqiqatlar aparılıb, müsbət nəticələrin təsdiqindən sonra yeni özlü elastiki tərkib və texnoloji işlənmə, iyulun 8-dən 13-dək “Vyetsovpetro”nun mütəxəssisləri, Azərbaycan alimləri və “PV-Chem” şirkətinin nümayəndələrinin birgə iştirakı ilə DSP-7 və DSP-5 stasionar platformaları arasında, 1500 m uzunluğunda çətin relyefə malik qaz kəmərində uğurla sınaqdan keçirilib.
Aparılan əməliyyat nəticəsində qaz kəmərinin təmizlənməsinə nail olunub, proses maksimum 5 atm təzyiq altında 8 kubmetr su və kondensat sıxışdırılması ilə başa çatdırılıb.
Sınaq zamanı əldə edilmiş müsbət nəticələr Azərbaycan alimlərinin Vyetnamın neft-qaz sənayesində digər yeni işlənmələrin tətbiqi üçün də əhəmiyyətli əsas olub.
Burada lay təzyiqinin anormal-aşağı olması şəraitində neft quyularının “boğulması”, quyuda udulma, yüksək keçiricilikli layların selektiv izolə edilməsi və bir sıra digər texnoloji həllər gələcəkdə birgə tədqiqat əməkdaşlığı üçün vacib məsələlər kimi qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər